6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanla Serbiya arasında enerji əməkdaşlığına dair Saziş imzalanıb

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində bir sıra görüşlər keçirib.

Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə baş tutan görüşdə Azərbaycandan təbii qaz və neftin tədarükü, həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı müzakirələr aparılıb. Bu layihə vasitəsilə Xəzər dənizinin nəhəng külək enerjisi potensialı hesabına  Avropaya “yaşıl” enerjinin ixracının mümkünlüyündən bəhs edilib. Energetika naziri Pərviz Şahbazov bildirib ki,  Xəzər dənizinin külək enerjisindən istifadə investorların marağındadır və tezliklə bu istiqamətdə imzalanacaq müqavilə “yaşıl” elektrik enerjisinin ixrac imkanlarını artıracaq.

Tədbir çərçivəsində Serbiyanın baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç ilə də görüş olub.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin interkonnektorlarla şaxələndirilməsinin  Serbiya  və Balkan ölkələri, eləcə də təchizatçı kimi Azərbaycan üçün  əhəmiyyətli olduğu vurğulanıb. Cənub Qaz Dəhlizinə Serbiyanın inteqrasiyasına imkan yaradacaq Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəmərindən, eləcə də Serbiya- Rumıniya və digər interkonnektorlardan bəhs edilib. Görüşdə təbii qazla yanaşı, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları da nəzərdən keçirilib.

Sonra Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov, Serbiya tərəfindən isə bu ölkənin baş nazirinin müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mixayloviç imzalayıb.

Hər iki ölkənin enerji və təbii ehtiyatların potensialından rasional istifadə etmək məqsədi daşıyan bu saziş energetika sektoruna, xüsusən də təbii qaz və bərpa olunan enerji mənbələri, eləcə də mineral kəşfiyyat sahələrinə qarşılıqlı investisiyaların təşviqi, tənzimləyici, enerji səmərəliliyi, birgə müəssisələrin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur. Sənəddə, həmçinin Cənub Qaz Dəhlizinin həyata keçirilməsini dəstəkləmək üçün əməkdaşlığın davam etdirilməsi öz əksini tapır.

Son xəbərlər
Digər xəbərlər