5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanla Türkiyə arasında səhiyyə üzrə “yol xəritəsi” imzalanıb

Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə Türkiyənin səhiyyə naziri Fahreddin Koca arasında görüş keçirilib.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, görüş zamanı Fahrettin Koca və Teymur Musayev “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi”ni imzalayıblar.

Yol Xəritəsinin gələcək əməkdaşlıq istiqamətində əhəmiyyətini vurğulayan qardaş ölkələrinin səhiyyə nazirləri imzalanan sənədin Türkiyə və Azərbaycan səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacağını diqqətə çatdırıblar.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Türkiyə səhiyyə naziri Fahrettin Koca azərbaycanlı həmkarını cari ilin oktyabrında İstanbulda keçiriləcək Türk Tibb Dünyası Konqresinə dəvət edib.

Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, yaxın vaxtlarda Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi yaradılacaq: “Həmçinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq. Bu sahələrin inkişafında Türkiyəli həmkarlarımızın dəstəyinə ümidvarıq”.
Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov iştirak edib.

Son xəbərlər
Digər xəbərlər