Bəzi rusdilli KİV-lərdə Azərbaycan əsilli məşhur Türkiyəli iş adamı, “Palmalı” Holdinqin prezidenti Mübariz Mənsimovun adı hallanır.
Dünən Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin elektron variantında Mübariz Mənsimov və onun Azərbaycan əsilli məşhur rusiyalı oliqarx, “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovla “münaqişəsi” haqqında məqalə dərc olunub.
Banker.az xəbər verir ki, yerli xəbər portalı Oxu.az bu barədə yazır.
Adıçəkilən nəşrin heç bir rəsmi mənbəyə istinad etmədən dərc etdiyi materialda Mübariz Mənsimovun ünvanına ədəbsiz, təhqiredici ifadələr işlədilib, iş adamı fırıldaqçılıqda ittiham edilib. Təəssüf ki, bəzi rusdilli Azərbaycan KİV-ləri bu “saxta” xəbəri götürərək, “sensasiyalı” başlıqla dərc ediblər. Lakin bir neçə saat sonra həmin materiallar bu saytlardan yığışdırılıb. Sonradan pulla ələ alınmış naməlum “yazarın” məqaləsi ilə tanış olmaq istəyənlər onu oxuya bilməyiblər.
Yerli portal bildirir ki, Mübariz Mənsimovun Türkiyədə yaşayıb-işləməsinə baxmayaraq, ruhən əsl azərbaycanlı olduğunu hər kəs bilir. O, heç vaxt özünün tarixi vətənini unutmur, onun təbliği və maraqlarını qorumaq üçün əlindən gələni edir. Türkiyədə həyata keçirilən, Azərbaycanın təbliğinə xidmət edən bütün layihələrdə Mənsimovun böyük əməyi var. Belə çıxır ki, azərbaycanlı sahibkarın təqibinə çalışan üçüncü qüvvələr mövcuddur və maraqlı odur ki, bunu Rusiya KİV-ləri vasitəsilə etməyə çalışırlar. “Nezavisimaya qazeta”nın elektron variantında dərc olunan, guya Vahid Ələkbərovun Mənsimovu mövcud bütün əməllərdə günahlandırdığı material nə “Lukoyl”, nə də Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmalı” şirkətlər qrupu tərəfindən təsdiqlənib.
Bu nəticəyə gəlmək olur ki, azərbaycanlı sahibkarlar arasında münasibətlərin gərginləşməsində və şəxsən Mübariz Mənsimovun təqib olunmasında hansısa üçüncü qüvvələr maraqlıdır. Onlar bu çirkin mövzunu KİV vasitəsilə şişirdirlər, sonra isə böhtan xarakterli “feyk” xəbərləri yığışdırırlar.
Qeyd edək ki, Mübariz Mənsimov və Vahid Ələkbərov təkcə yaşayıb-işlədikləri ölkələrdə deyil, dünya iş dairələrində yaxşı tanınırlar. Onların hansısa saytlar vasitəsilə mübahisəyə başlayacağına inanmaq çətindir. Hər iki iş adamının yaxınlarının sözlərinə görə, Ələkbərov və Mənsimov uzun müddətdir ki, bir-birini tanıyırlar və onların şirkətləri iri layihələrdə birgə iştirak ediblər. Bildiyimiz kimi, nəhənglər arasında mübahisələr və anlaşılmazlıqlar ya iş mühitində masa arxasında, ya da Ali Arbitraj Məhkəməsində həll olunur. Bunun başqa yolu yoxdur. Çünki hansısa təkcə Podmoskovyedə tanınan qəzet belə hörmətli insanların mübahisəsində hakim ola bilməz. Qara qüvvələrin Azərbaycanı qəlbən sevən insanları nişan aldıqları və onları ləkələməyə çalışdıqları aydın görünür. Lakin həm Rusiyada, həm Türkiyədə, ələlxüsus Azərbaycanda hökumət dairələri və ictimaiyyət bu insanları daha yaxşı tanıyırlar. Ona görə də belə cılız üsullarla və böhtanlarla onlar haqqında pis fikir formalaşdırmaq, onları mənfi obrazda qələmə vermək mümkün deyil. Çünki elin gözü tərəzidir.