12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanlı bloggerlərin etirazı – Vergi ödəmək istəmirik

Azərbaycanda sosial şəbəkələrdə reklamdan gəlir əldə edən bloggerlərin vergiyə cəlb edilməsi təklif olunub. Belə bir təkliflə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev çıxış edib. Quliyev deyib ki, qanunvericiliyə əsasən, bu insanlar da kommersiya fəaliyyəti ilə məşğul olan digərləri kimi, xüsusi ilə də fiziki və hüquqi şəxslər olaraq 18% ƏDV-dən əlavə 10% gəlir vergisi ödəməlidir. Əgər bir şəxs vergi orqanlarında qeydiyyatdan keçməyibsə və sosial şəbəkədə nağdsız şəkildə reklamdan gəlir əldə edirsə, o zaman bank sözügedən əməliyyata görə 18% ƏDV tutur.

Onun sözlərinə görə, əgər reklam sifarişçisi xarici vətəndaş və ya şirkətdirsə, onda yerli rezidentlər də Azərbaycanın vergi qanunvericiliyinə əsasən vergi ödəməlidir.

Hazırda Azərbaycanda bloggerlik sahəsi xeyli inkişaf edib. Təkcə məşhur şəxslər – aktyorlar, müğənnilər, modellər deyil, adi adamlar da öz bloqlarını yaradaraq bu fəaliyyətlə məşğul olurlar. Sputnik Azərbaycan azərbaycanlı bloggerlər arasında sorğu keçirərək Vergilər Nazirliyinin təklifinə necə yanaşdıqlarını soruşub.

Məşhur blogger Zaur Nəcəfbəyov Vergilər Nazirliyinin əməkdaşının sözlərindən təəccüblənib.

“Biz hansısa yeri məşğul etmirik. Hər kəs öz səhifəsini yaradır və insanlara nəyi necə etməyi, nəyi haradan almağı, necə hazırlamağı, hansı endirimlərin olduğunu, xidmətləri və s. bildirir. Bizə motivasiya vermək əvəzinə anti-motivasiya edirlər. Biz illərlə izləyici toplayırıq, kimdənsə nəsə ummuruq, sadəcə, nəsə təklif edirik və yaxşı nəsə etməyə çalışırıq. Əgər belə bir qanun qəbul olunsa, onda onu yalnız 100-200 mindən çox feyk deyil, real izləyicisi olanlara şamil etməlidirlər” – deyə Nəcəfbəyov bildirib.

Blogger Könül Əliyeva nazirliyin bu təklifindən sonra bloggerliklə məşğul olduğuna təəssüflənib. Əliyeva bir çox reklam agentlikləri ilə işləyir və düşünür ki, bu vergiləri həmin şirkətlər ödəməlidir, o deyil. O, öz bloqunda əsasən müxtəlif geyimləri, kosmetikaları, aksessuarları nümayiş etdirir və buna görə cüzi pul alır.

“Bloggerliklə bu yaxınlarda məşğul olmağa başlamışam. Bu, sadəcə mənim hobbimdir. Əvvəllər sosial şəbəkə istifadəçilərinə yalnız özümə aid olan şeyləri nümayiş etdirirdim. Mənim məqalələrim hamının xoşuna gəlirdi və ona görə də səhifəmə üzv olurdular. Mənə izləyici toplamaqda heç kəs yardım etməyib. Sonra tədricən elə adamlarla tanış olmuşam ki, onlar məndən öz səhifəmdə bəzi reklamları etməyi istəyiblər. Başa düşmürəm ki, əgər mən çoxlu pul qazanmıramsa, onun 10%-ni vergiyə, 18%-ni də ƏDV-yə niyə ödəməliyəm?!” – deyə Əliyeva bildirib.

Əliyevanın fikrincə, vergilər elə şəkildə müəyyən edilməlidir ki, bloggerlər onu ödəməkdə maraqlı olsun. Əks təqdirdə, onlar vergidən yayınacaqlar.

Məşhur azərbaycanlı təşkilatçı, prodüser və blogger Aqil Məmiyev həmkarlarından fərqli olaraq heç vaxt öz bloqunda reklam postları bölüşmür. Bloggerlik onun üçün əsasən hobbidir. Onun məqsədi öz postları ilə insanları maarifləndirmək, şəkilləri ilə onlara öz tərzlərini yaratmaq üçün nümunə olmaqdır. Bloggerlərin vergi ödəməsi ilə bağlı məsələyə gəlincə, Məmiyev deyir ki, belə qanun bütün ölkələrdə var və bu, tamamilə təbiidir.

“Bu cür qanunlar, Qərb ölkələrində, blogger və influencer anlayışı yarandıqdan sonra mövcud idi. Hətta bir neçə il əvvəl mediada belə bir məqalə ilə tanış oldum ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan bloggerlər yazdıqları hər bir sətir üçün vergi ödəməlidirlər. Orada deyilirdi ki, xəbər, internet üzərindən bloq yazan və yazdıqları ilə gəlir əldə edən şəxslər gəlir vergisi ödəyəcək. Şəxsi məqsədləri üçün gəlir güdülməyən yazılara görə isə vergi ödənilməyəcək. İndi görürəm ki, bizdə də bunu tətbiq etmək niyyətindədirlər” – deyə Məmiyev bildirib.

 

View this post on Instagram

 

Having a nice time spending Winter in Netherland 🇳🇱

A post shared by Agil Mamiyev 🇦🇿 (@agillive) on

Bloggerin fikrincə, bu, əslində işlərin ciddiliyinə gətirib çıxardardı: “Bundan sonra blogger və ya influencer xidmət göstərdiyi şirkətlə ciddi müqavilə şərtləri ilə çalışacaq, sadəcə söz əsasında deyil. Rəsmi müqavilə əsasında işləyərək əldə etdiyi gəlirdən verginin ödənilməsi normal haldır. Bu cür qanunlar hər halda fəaliyyətin ciddiliyinə gətirib çıxaracaq”.

Qonşu Türkiyədə də belə qanunun olduğunu vurğulayan Məmiyevin sözlərinə görə, orada bloggerlər, sosial mediada səhifələri olanlar da xəbər agentlikləri, portallar kimi reklam şərtləri ilə çalışan zaman vergi ödəyirlər. Blogger hesab edir ki, bu qanunun tətbiqi bizdə bloggerlərlə şirkətlər arasında reklam şərtləri ilə işi daha da ciddiləşəcək. Onun fikrincə, vergi sistemi influencer və vaynerlərə də tətbiq olunmalıdır.

Son xəbərlər
Digər xəbərlər