Yeni ixtira edilmiş süni əzələ Terminatora oxşar supergüclü robotların yaradılmasını gerçəkləşdirə bilər.
BBC-yə istinadən xəbərinə görə, “The Telegraph” qəzeti yazır ki, alimlərin yeni yaratdığı süni əzələ öz kütləsindən 1000 dəfə ağır yükü qaldıra bilir.
Alimlər 3D printerindən istifadə edərək rezinəbənzər sintetik kütlə yaradıblar. Bu kütlə təbii əzələ kimi yığılma qabiliyyətinə malikdir. Kiçik elektrik cərəyanı ilə qızdırılan süni əzələ kütləsi genişlənərək öz ölçüsündən doqquz dəfə böyük sahəni tutur. Bu süni əzələ kütləsinin hər qramına düşən enerji, təbii əzələdəkindən 15 dəfə çoxdur.
“Nature Communications” elmi jurnalı yazır ki, “zərif aktuator” adlandırılan cihaz öz çəkisindən 1000 dəfə ağır yükü qaldıra bilir. Nyu-Yorkdakı Kolumbiya Universitetinin Yaradıcı Maşınlar (Creative Machines) laboratoriyasının professoru Hod Lipson deyib ki, insan robot zəkasını yaratmaqda iri addımlarla irəliləsə də, hələki robot vücudunun yaradılması üçün o qədər də çox iş görməyib. Alim deyir ki, yeni material minlərlə formaya salına bilər. Beləliklə, insanabənzər robotların yaradılması istiqamətində böyük addım atılıb.
Məqalədə deyilir ki, süni əzələdən təkcə robotlarda yox, həm də müxtəlif funksiyalı dəzgahlarda istifadə etmək olar. Yaradıcı Maşınlar Laboratoriyasından daha bir tədqiqatçı – bu ixtiranın həmmüəlifi Aslan Miriyev deyib ki, yeni material robot mühəndisliyinin bir çox problemlərini həll edəcək: “O itələyir, dartır, burur, əyir və yük qaldırır. Bu təbii əzələyə ən yaxın materialdır”.
“The Telegraph” yazır ki, bu tədqiqat qismən də İsrail Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir.