Azərbaycan əsilli 6 şəxs Forbes jurnalının versiyasına görə Rusiyanın ən varlı 200 insanı siyahısına daxil olmuşlar.
Onlar arasında “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov, “Ukrayna mehmanxanası”-nın idarə heyətinin sədri Zarah Əliyev, “Kiyev meydanı”-nın idraə heyətinin sədri Qod Nisanov, “Crocus” şirkətlər qrupunun prezidenti Araz Ağalarov, AST şirkətlər qrupunun sahibi Telman İsmayılov və fərdi investor İlham Rəhimov var.
63 yaşlı Vahid Ələkbərov reytinqdə 7-ci pilləni tutur. Onun sərvəti 13,6 milyard dollar olaraq qiymətləndirilir. Keçən illə müqayisədə biznesmenin sərvəti 1,2 milyard dollar azalmış və bu səbəbdən o reytinqdə iki pillə aşağı düşmüşdür.
Verilən məlumatlara görə “Lukoil” Rusiya neft sənayesində ikinci nəhəng vergi ödəyicisidir. Şirkət 2012-ci ildə 1,1 trilyon rubl (35 milyard dollar) vergi ödəmişdir. 2012-ci ildə xalis gəlir rekord hədd – 11 milyard dollar idi.
“Ukrayna mehmanxanası”-nın idarə heyətinin sədri Zarah Əliyev (47 yaş) əslən Azərbaycanın Qırmızı Qəsəbə adlanan ərazisindəndir. O sahib olduğu 3,6 milyard dollar ilə siyahıda 30-cu pilləni tutmuşdur. Qeyd edək ki, Zarah Əliyev keçən il 5 pillə geridə idi.
Onun ardınca 31-ci pillədə 41 yaşlı Qod Nisanov yer almışdır. Nisanovun sərvəti 3,6 milyard dollar olaraq qiymətləndirilmişdir. Keçən illə müqayisədə o reytinqdə 6 pillə irəliləmişdir.
“Crocus” şirkətlər qrupunun rəhbəri Araz Ağalarov 1,8 milyard dollar ilə reytinqin 56-cı pilləsini tutmuşdur. Onun reytinqdəki yeri keçən illə müqayisədə dəyişməmişdir.
Forbes-in yazdığına görə, “Crocus Expo” sərgi mərkəzinin ərazisi Qırmızı meydanın ərazisindən 20 dəfə çoxdur. Milyarder həmçinin Müslim Maqomayevin mədəni-musiqili irsinin qorunması fondunu və onun adına olan beynəlxalq vokalist konkursunu dəstəkləyir.
AST şirkətlər qrupunun sahibi 57 yaşlı Telman İsmayılov Forbesə əsasən, 0,75 milyard dollara sahibdir və reytinqdə 137-ci pilləni tutur. Keçən illə müqayisədə onun sərvəti və reytinqdəki yeri dəyişməmişdir.
Fərdi investor İlham Rəhimovun sərvəti 0,5 milyard dollar olaraq qiymətləndirilir və o 187-ci pillədə yerləşir. Jurnalın qeyd etdiyinə görə, bzinesmen “Kiyev meydanı” şirkətinin daşınmaz əmlakından paylara sahibdir.