Azərbaycanlı vunderkind, 5 yaşlı Maqsud Yusifzadə şahmatda özündən yaşca böyükləri udur və kalkulyatordan daha sürətli hesablayır.
Bu barədə Rusiyanın “MİR” telekanalına istinadən xəbər verilir.
“Maqsud danışmamışdan əvvəl saymağa başlayıb. Onun ilk sözləri ana və ata yox, bir, iki, üç olub. İlk oyuncaqları isə piyadalar, fillər və atlar olub”, – telekanalın süjetində deyilir.
Atası Zaur Yusufzadənin dediyinə görə, Maqsudu şahmat məktəbinə qoymaq istəyəndə hələ 4 yaşı olmadığından onu məktəbə qəbul etmək istəmirdilər.
Telekanal qeyd edir ki, bir il sonra uşaq turnirdə 8 yaşlı şahmatçıları məğlub edərək qızıl medal qazanıb.
Bununla yanaşı, Maqsud kompüterlə hesablama dyarışına girir, anası onu bazara aparanda isə kalkulyatordan tez hesablayır.
“O, dərhal nə qədər ödəyəcəyimi, nə qədər qalıq pul qaytarılmalı olduğunu deyə bilər. Çalışırıq ki, onun bu əməyindən öz məqsədlərimiz üçün istifadə etməyək. Ancaq bu əladır, əsl köməkçimizdir”, – vunderkindin anası Elnarə Yusifzadə vurğulayıb.
Telekanal qeyd edir ki, 6 ölkədən 300 vunderkindin qatıldığı zehni riyaziyyat üzrə olimpiada zamanı Maqsud Yusifzadə ikinci yeri tutub.
©Report