13 C
Baku
Friday, April 19, 2024

Azərbaycanlı xanımlara mane olan qüvvə ilk növbədə özləridir

Müsahibimiz: York Universitetinin məzunu Rəna Axundlu

Salam Rəna xanım, ilk öncə müsahibə üçün təşəkkür edirəm. Suallara keçməzdən öncə, mümkünsə oxucularımıza özünüz haqqında bir az məlumat verərdiniz, yəni bakalavr  dönəmində aldığınız təhsillə bağlı, həmçinin xaricə getməmişdən öncə iş təcrübəniz olmuşdu? 

Salam, mən Axundlu Rəna 1991-ci il təvəllüdlüyəm. 2010-cu ildə ARDNŞ-in Gənclərin xaricdə təhsili üzrə proqramının iştirakçısı seçildim və bakalavr təhsilimi Böyük Britaniyanın York Universitetində, Mühasibat, Biznes, Maliyyə və Menecment üzrə davam etdirdim. 2013-cü ildə təhsilimi başa vurub, Vətənimə qayıtdım. Öncə ARDNŞ-ın təcrübəçisi kimi çalışmışdım.

Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz? ARDNŞ təqaüdü sizi xaricdə təhsil almağa həvəsləndirdi, yoxsa arzunuz sizi bu təqaüd proqramına gətirdi?

Xaricdə təhsil almaq istəyi orta məktəb dönəmindən var idi. Hələ məktəb dövründə müxtəlif yollarla ingilis dilimi həmişə inkişaf etdirməyə çalışırdım. Eyni zamanda başqa elmlər üzrə də həmişə mükəmməl təhsil almağa çalışmışam. 2009-cu ildə TQDK imtahanlarından 695 bal toplayaraq, qrupum üzrə Respublika birincisi olaraq, Prezident təqaüdçüsü adına layiq görüldüm. Bu nailiyyətim mənə xaricdə təhsil almaq arzumu gerçəkləşdirmək üçün daha inam və istək verdi. Arzum İngiltərədə təhsil almaq idi və ARDNŞ təqaüdü bu yolda mənə kömək oldu.

1

York Universitetini hansı meyarlara əsasən seçdiniz?

  • Böyük Britaniyanın ən yaxşı universitetlərinin ilk 10-luğunda, dünyanın isə 100 ən qabaqcıl universiteti sırasında yer alır.
  • Yüksək səviyyəli akademik təhsil
  • Yüksək səviyyədə təşkil olunmuş kollec sistemi
  • Geniş seçimli extra-curricular fəaliyyət
  • Unudulmaz tələbə həyatı
  • Avropanın ən gözəl şəhərlərindən biri

Universitetə hazırlıq mərhələsi necə keçdi, sənədləşmə və digər prosedurlar nələri əhatə edirdi?

IELTS və dərslərdən qiymətləndirmə xaricə qəbul olunmağa mənə kifayət etdi və sənədləşdirmə çox asan keçdi.

Bu təhsilin sizin üçün ən yadda qalan tərəfləri hansılar oldu, hansı təəssüratlarınızı oxucularımız ilə paylaşmaq istərdiniz?

İngiltərədə bakalavr təhsilimi aldım. Düşünürəm ki, magistr tələbələrindən fərqli olaraq, həm ilk ali təhsilim olduğuna, həm də daha çox müddət xaricdə qaldığıma görə bu təhsil mənə daha çox təəssüratlar bağışladı. Bu üç il ərzində universitetdə çox biliklərə sahib oldum. Bununla yanaşı çox sayda müxtəlif fikirli və dünyagörüşü olan insanlarla tanışlıq mənə geniş əhatəli dostlar qazandırdı. Fərqliliyi həmişə sevmişəm və xaricdə təhsilim mənə daha da geniş və fərqli düşünməyi və orijinal fikirləri irəli sürməyi öyrətdi.

ARDNŞ təqaüdçüləri, proqramın şərtlərinə əsasən vətənə qayıtdıqdan sonra 5 il  Dövlət Neft Şirkətində çalışmalıdır, əgər belə bir zərurət olmasaydı karyeranızı necə qurmaq istərdiniz?

Əlbəttə qayıtdıqdan sonra, SOCAR kimi böyük bir şirkətdə karyerama başlamaq məni çox sevindirir. Mənə belə bir imkanı yaratdıqları üçün təşəkkür edirəm. 5 il işləmək zərurəti olmasaydı, düşünürəm ki, karyeramı fərqli qurardım. Əvvəllər mən 1-2 il müddətinə könüllü kimi səyahət etmək istərdim, xüsusən də ehtiyacı olan ölkələrdə müəllimlik etmək mənə çox ürəyimcə olan bir təcrübə olardı.

Bir xanım kimi şəxsi və işgüzar həyat arasında müvazinəti qorumağa nə dərəcədə nail ola bilirsiniz və sizcə azərbaycanlı xanımlara öz arzularını gerçəkləşdirməyə ən çox nə mane olur?

Razıyam ki, xanımlarla bəylər arasında çox fərqlər vardır. Amma şəxsən mən düşünürəm ki, bir qadın əgər böyük nailiyyətlər əldə etməyə iddialıdırsa, o, heç vaxt özünü kişilərdən geri və ya az imkanlı hesab etməməlidir. Bir gənc xanım kimi, mən çalışıram ki, iş həyatımda uğurlu olmaqla yanaşı, şəxsi həyatımı da kifayət qədər şən və maraqlı keçirim. Bunun üçün məsələn həftə sonları idmanla məşğul olmağa, işdən sonra isə dostlar və ailəmlə birlikdə olmağa vaxt ayırmağa çalışıram.

Düşünürəm ki, azərbaycanlı xanımlara mane olan qüvvə ilk növbədə özləridir. Hər bir insan istədiyi və arzuladığı həyatı yaşamalıdır. Əgər maneələr varsa, çalışıb onları özümüzə daha çox əmin olmaqla aşmalıyıq.

Sonda xaricdə təhsil almaq arzusunda olan xanımlara, eləcə də dövlət və ya ARDNŞ təqaüdü əldə etmək istəyən gənclərimizə hansı praktiki tövsiyələriniz vardır?

İlk növbədə gənclərimizə məktəb dövründən mükəmməl təhsilə yiyələnməyi məsləhət görürəm. Təqaüd proqramlarına qoşulmaq üçün isə, bütün meyarlara uyğun fəaliyyətlərlə məşğul olsunlar və hazırlaşsınlar. Özlərinə həmişə inansınlar və ətraflarında onları həmişə daha da həvəsləndirən, dəstək olan dostlarla vaxt keçirsinlər.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.