Azərbaycanın nəhəng elektrik istehsalçısı “AzərEnerji” ASC 2019-cu il üzrə də zərər etdi. İl üzrə zərərin həcmi 230.2 mln. manat edib, bu da, öncəki illə müqayisədə zərərin 25.1% azalması deməkdir.
Banker.az bu barədə “AzərEnerji”nin 2019-cu il üzrə maliyyə hesabatında bildirilir.
Hesabata görə, elektrik istehsalçısının enerji satışı 1 105.68 mln. manat (2018-ci illə müqayisədə 5.8%) və elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 0.9 mln. manat (-64.9%) təşkil edib. Bu da cəmi 1 106.58 mln. manat gəlir deməkdir. Cəmiyyətin cəmi gəlirləri isə 5.6% artmışdır.
Hesabat ilində “AzərEnerji”nin xərclərində yanacaq 519.35 mln. manat, köhnəlmə və amortizasiya 189.47 mln. manat, heyətlə bağlı xərcləri 59.54 mln. manat, təmir və texniki xidmət 77.76 mln. manat, gəlir vergisindən başqa digər vergilər 36.28 mln. manat, xammal və materiallar 10.11 mln. manat, alınmış elektrik 8.21 mln. manat, digər xərclər isə 24.28 mln. manat olmuşdur. Şirkətin kreditlərin və debitor borcların və büdcədən tələb edilə bilən ƏDV-nin dəyərsizləşməsi ehtiyatında dəyişiklik isə müsbət 0.98 mln. manat təşkil edib.
Beləliklə “AzərEnerji”nin əməliyyatı 182.55 mln. manat mənfəətlə tamamlanıb. Bu da öncəki ildəki rəqəmləri 2.3 dəfə üstələyir.
Əməliyyat mənfəətinin iki dəfədən çox artımına rəğmən əmlak, tikili, avadanlıq və əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə itkisi 88.8% artmaqla 370.31 mln. manata yüksəlib.
Beləliklə, şirkətin mənfəət vergisi xərci 34.67 mln. manat olmaqla xalis illik zərərin həcmi 230.2 mln. manat etmişdir.
Bu zərərdən sonra “AzərEnerji” ASC-nin balansında yığılmış zərəri 2 332.61 mln. manatdan, 2 541.55 mln. manata qədər artıb.