“Azərenerji” ASC-nin rəhbərliyi Dövlət başçısının qarşıya qoyduğu hədəflərə çatmaq, gənc kadrları önə çəkmək, ötən ilin iyul ayında baş verən enerji böhranının təkrar olmamasını təmin etmək üçün kadr məsələsinə xüsusi diqqət ayırır.
“Azərenerji” ASC-dən Banker.az -a verilən məlumata görə, “Azərenerji” ASC kadr məsələsi ilə bağlı daha bir yenilik edib. Belə ki, yüksək ixtisaslı kadrların hazırlanması, elektrotexnoloji yeniliklərin, yeni iş metodlarının öyrədilməsi məqsədi ilə oktyabr ayında keçirilən imtahan nəticələrinə görə fərqlənən işçilərin Səhmdar Cəmiyyətin rəhbər vəzifəli şəxsləri tərəfindən qəyyumluğa götürülərək istehsalatda hazırlanmasına, bilik və bacarıqlarının artırılmasına, nəticədə əvəzedici kadr ehtiyatının yaradılmasına qərar verilib. Səhmdar Cəmiyyət rəhbərinin əmrinə əsasən “Azərenerji” ASC-nin idarə aparatında və tabeçiliyində olan müəssisələrdə işləyən vəzifəli şəxslərin hər birinə gənc prespektivli mühəndislər köməkçi kimi təhkim olunub.
Rəhbər vəzifəli şəxslərə tapşırılıb ki, cari ilin sonuna qədər fərdi qaydada məşğul olmaqla iş, təcrübə və bilik sahəsində vərdişləri aşılayaraq gəncləri yüksək səviyyədə yetişdirsinlər. Paralel olaraq “Azərenerji” ASC-nin Mərkəzi Müsahibə Komissiyasına qəyyumluğa götürülən işçilərin hazırlıq səviyyəsini hər rübün sonunda yoxlamaq tapşırılıb. İlin sonunda Mərkəzi Müsahibə Komissiyasının yekun rəyinə əsasən fərqlənən gənc mütəxəssislər müxtəlif vəzifələrə irəli çəkiləcəklər.