“Əgər 10 il qabaq istilik təchizatının bərpası ilə bağlı 10-12 müraciət daxil olubsa, bu gün bu rəqəm il ərzində 100-lərlədir”.
Report agentliyi xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.
İ.Mirzəliyevin sözlərinə görə, təmsil etdiyi qurumun 3 əsas strategiyası var: “Bu vaxta qədər 170 istilik məntəqəsi yaradılıb, 1500- dən artıq yaşayış binasında, 400- dən artıq məktəbdə istilik sistemi qurulub. Ümumilikdə 2700-dən artıq yaşayış binasında istilik sistemi yenidən qurulub”.
“Azəristiliktəchizat” ASC-nin sədrinin müavini bildirib ki, bu gün əsas problemlər binadaxili istilik təchizatı sistemində olan problemlərdir.
İ.Mirzəliyev gələcək işlərdən də danışıb: “Respublikanın dağ rayonlarında artıq noyabrın 1-dən istilik təhzitatı təmin edilib. Gələcəkdə 110 istilik mənbəsi, 84 qazanxanaın qurulmasını planlaşdırırıq. Bu isə ümumilikdə 950 yeni iş yeri yaradılması deməkdir”.
Qurum rəsmisi deyib ki, hazırda 300-dək bina istilik təchizatı ilə təmin edilməyib: “Bizim hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə borcumuz var. Bunu gizlətmirik. Bir müddət əvvəl ölkə başçısının göstərişi ilə bu borc əvəzləndi. Amma onu deyim ki, bu gün mövcud borc vətəndaşa təsir etməyəcək. Hazırda bizim xidmət ərazimnizdə 4500-dək bina var. Amma onlardan 300-də istilik təchizatı praktik cəhətdən mümkün deyil. Bunlar Nərimanov, Nəsimi rayonlarında və şəhərin mərkəzində olan bəzi binalardır”.