10 C
Baku
Thursday, December 12, 2024

Azad edilmiş ərazilərdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə subsidiyaların verilmə qaydaları hazırlanır

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması nəzərdə tutulur. ATV kanalı ilə DVX-nin birgə layihəsi olan “İqtisadi zona” proqramında bu barədə danışan  Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə bildirib ki, hazırda subsidiyaların verilmə qaydaları hazırlanır. Subsidiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatın təqdimedilmə dövrü bitdiyi tarixdən, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Subsidiyanın qaytarılması üçün sahibkarlar ərizə ilə müraciət etməlidirlər. Qaydaların layihəsinə əsasən, subsidiyanın verilməsi məqsədilə sığortaedənin ərizəsində qeyd edilmiş məlumatlara əsasən işçilərin əmək müqaviləsi bildirişində faktiki iş yerinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində olmasının və həmin rüb üzrə təqdim edilmiş bəyannamə məlumatlarında işçilərin məlumatlarının əks olunub-olunmaması yoxlanılacaq. Yekunda subsidiya məbləği sığortaedənin müraciətində qeyd etdiyi bank hesablarına köçürüləcək.

Nigar Vahabzadə qeyd edib ki, əgər sığortaedən qeyd olunan dövrü ötürərsə, növbəti rüb üçün müəyyən edilmiş müddət ərzində cari və əvvəlki rübə aid subsidiyanın verilməsi üçün müraciət edə bilər. Növbəti rübdə hesabat təqdim olunan son gündən keçən 30 gün müddətində həm cari, həm də əvvəlki dövr üzrə subsidiya üçün müraciət etmək nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər