6 C
Baku
Saturday, December 14, 2024

AZAL: Xarici aviaşirkətlər Azərbaycan regionlarına yeni aşağı büdcəli reyslər aça bilər

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) tərkibində olan Aviasiya Təhlükəsizlik İdarəsi və beynəlxalq hava limanlarının rəhbərliyi Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İsrail və bir sıra digər ölkələrin aviasiya hakimiyyəti orqanlarının nümayəndələri ilə 2016-cı ilin yanvar ayından etibarən sərnişin daşımaları üzrə daha sıx əməkdaşlıq üçün danışıqlar aparır.

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın regionlarından digər ölkələrin məşhur istiqamətlərinə reyslərin həyata keçirilməsi məsələsi gündəlikdədir.

“Xüsusilə də, İstanbuldan Qəbələ və Lənkəran hava limanlarına türk aviaşirkətləri “Pegasus” və “Atlasjet” tərəfindən uçuşların yerinə yetirilməsi məsələsi müzakirə olunur. Həmçinin “Air Arabia” büdcə aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin böyüklüyünə görə üçüncü şəhəri – Şarjadan Bakı, Qəbələ və Azərbaycanın digər regionlarına birbaşa reyslər aça bilər”, – deyə məlumatda bildirilir.

Bundan başqa, bu yaxınlarda İsrailin milli aviadaşıyıcısı – “El Al” Israel Airlines aviaşirkətinin nümayəndə heyəti Azərbaycana səfər edib və Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında aviasiya təhlükəsizliyi sahəsində audit yoxlamaları həyata keçirib. “El Al” şirkətinin nümayəndələri 2016-cı ildə İsrailin “El Al” və “Arkia” aviaşirkətlərinin Təl-Əviv-dən Bakıya birbaşa reyslər açmaq planları barədə elan ediblər.

Həmçinin Rusiyanın “UTair” və “Ural Hava Yolları” aviaşirkətləri tərəfindən Bakı, Lənkəran və Gəncə hava limanlarında bir sıra audit yoxlamaları həyata keçirilib. Aviaşirkətlərin nümayəndələri audit yoxlamalarının nəticələrinə görə aviasiya təhlükəsizliyinin təşkili və sərnişin reyslərində xidmət səviyyəsini yüksək qiymətləndiriblər. APA-Economics

 

Son xəbərlər
Digər xəbərlər