Azərbaycan hökuməti 2018-ci ildə dizel yanacağı istehsalını 1 mln. 946,8 min ton səviyyəsində proqnozlaşdırır ki, bu da 2017-ci ilin göstəricisindən 5,3% çoxdur. Banker.az bildirir ki, bu barədə İnterfaks agentliyinə hökumətdən məlumat verilib.
2019-cu ilin büdcə paketində verilmiş proqnozlara görə, gələn il respublikada 1 mln. 975,5 min ton, 2020-ci ildə 1 mln. 830 min ton dizel yanacağı istehsal olunacaq.
2021-ci ildə dizel yanacağının istehsal həcminin 2 mln. 370,2 min tonadək, 2022-ci ildə isə 2 mln. 377,5 min tonadək artacağı proqnozlaşdırılır.
Beləliklə, 2018-ci illə müqayisədə 2022-ci ildə Azərbaycanda dizel yanacağının istehsalı 22,1% artacaq.
2017-ci ildə respublikada 1 mln. 849,2 min ton dizel yanacağı istehsal edilib.
Hazırda Azərbaycanda dizel yanacağı ölkədə yeganə neft emalı zavodu olan Heydər Əliyev adına Bakı neft emalı zavodunda (BNEZ) istehsal olunur.
Xəbər verildiyi kimi, SOCAR BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri 2021-ci ilin ortalarınadək tamamilə başa çatdırmağı planlaşdırır.
BNEZ-in yenidən qurulması 3 mərhələdə həyata keçiriləcək və 14 qurğunun tikintisindən ibarətdir. Layihənin dəyəri $2,2 mlrd. təşkil edir.
Modernləşdirmə işlərindən sonra BNEZ-də ildə 2,9 mln. ton dizel yanacağı istehsal olunacaq.