®“AzerGold” QSC daxili pərakəndə bazarda qiymətli metalların dövriyyəsini artırmaq və vətəndaşların investisiya imkanlarını genişləndirmək məqsədilə satışını həyata keçirdiyi qızıl məhsulların 2021-ci ildən gerialış əməliyyatlarını icra edir.
Belə ki, 2025-ci ilin yanvar-may aylarında ümumi çəkisi 85 unsiya olan qızıl sikkə və külçələrin gerialışı həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 244% artım deməkdir. Gerialış əməliyyatları nəticəsində müştərilərə 459 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 376% artımdan xəbər verir.
Bütün fəaliyyət dövri ərzində isə ümumi çəkisi 274.4 unsiya olan qiymətli məhsulların gerialışı həyata keçirilib, ödənişlərin ümumi məbləği 1.15 milyon manat təşkil edib. Ötən dövr ərzində geri alınmış məhsullarının 260.8 unsiya həcminin təkrar satışı həyata keçirilib və 1.23 milyon manat gəlir əldə edilib.
Qeyd edək ki, “AzerGold” tərəfindən satışa çıxarılan məhsulların gerialışı QSC-nin Bakı şəhərində yerləşən Satış və mübadilə mərkəzində həyata keçirilir. Gerialış üçün müştəri məhsulu, onun keyfiyyət sertifikatını təqdim edir. Satış və mübadilə mərkəzinin eksperti tərəfindən məhsul yoxlanıldıqdan sonra Mərkəzi Bankın gündəlik məzənnəsinə uyğun olaraq qızılın dəyərinə əlavə 2% qazancla müştəriyə ödəniş edilir.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2019-cu ildən qiymətli metalların pərakəndə satış bazarına Azərbaycanın milli-mədəni irsini əks etdirən müxtəlif dizaynlı sikkələr, eləcə də külçələr təqdim olunur. Məqsəd ölkəmizin mədəni dəyərlərinin təbliği ilə yanaşı, iqtisadi və investisiya potensialının genişləndirilməsi, qiymətli məhsulların ticarətində “kölgə iqtisadiyyatı”nın qarşısının alınmasına əlavə töhfə verməkdir.