Dövlət şirkəti “AzerGold” QSC 2024-cü ili 33 milyon dollar xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki ilin 27.2 milyon dollar nəticəsindən 5.8 milyon dollar və ya 22% çoxdur.
Banker.az bunu dövlət şirkətinin illik konsolidə edilmiş audit hesabatına istinadən xəbər verir.
“AzerGold”un müştərilərlə müqavilələr üzrə gəlirləri il ərzində 47 milyon dollar və ya 35% artaraq 182.7 milyon dollara yüksəlib. Bunun fonunda satışın maya dəyəri də 114.5 milyon dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 21 milyon dollar və ya 23% artımdır.
Gəlirlərin artımına əsas təsir edən amillər qızıl satışının fiziki həcminin 9% artması və satış qiymətlərinin orta hesabla 29% yüksəlməsi olmuşdur. Hesabat ilində satış həcmi 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib.
Şirkət satış həcminin, yanacaq qiymətlərinin və inflyasiya nəticəsində istifadə olunan materialların qiymətində, həmçinin əməkhaqqılarda olan artımlar əvvəlki dövrə nisbətən maya dəyərinin 23% və ya 21.40 milyon dollar artımına səbəb olduğunu qeyd edir.
Ümumi mənfəət 2024-cü ildə 68.1 milyon dollar olub. Bu, ötən ilin 42.2 milyon dollarlıq göstəricisi ilə müqayisədə 25.9 milyon dollar və ya 61% artıma bərabərdir. Əməliyyat mənfəəti də 8.4 milyon dollar və ya 24% artaraq 43.6 milyon dollara çatıb.
Vergidən əvvəlki mənfəət 42 milyon dollar səviyyəsində formalaşıb və bu da əvvəlki ilin 34.4 milyon dollarlıq göstəricisindən 7.6 milyon dollar və ya 22% yüksəkdir.
Balans hesabatına əsasən, “AzerGold”un aktivləri 2024-cü ilin sonuna 488 milyon dollara yüksəlib. Bu da illik əsasda 20 milyon dollar və ya 4% artım deməkdir. Eyni zamanda, “AzerGold”un öhdəlikləri 62 milyon dollar azalaraq 151 milyon dollardan 88.6 milyon dollara enib ki, bu da 41% azalma deməkdir. Şirkətin balans kapitalı 2024-cü ilin sonunda 400 milyon dollar səviyyəsinə yüksəlib.
2024-cü ildə “AzerGold”un mövcud bank kreditlərinin 69%-i (64.66 milyon ABŞ dolları) tam şəkildə geri ödənilib. Bu isə dövlət şirkətinin borc yükünün əhəmiyyətli dərəcədə azalmasına və nəticə etibarilə borc/kapital nisbətinin 0.29-dan 0.07-yə qədər enməsinə səbəb olmuşdur.
“Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, dağ-mədən şirkətləri üçün 1.00 səviyyəsində olan borc/kapital nisbəti qənaətbəxş sayıldığı halda, Qrupun 2024-cü il üzrə göstəricisi yüksək maliyyə dayanıqlığının mövcudluğunu təsdiqləyir”.