6 C
Baku
Tuesday, December 24, 2024

AZPUL-un sahibi rəhbərliyi tam şəkildə dəyişdirib, idarəetməni bir şəxsə ötürdü

Bank olmayan kredit təşkilatı “AZPUL” MMC idarəetmə formasında dəyişiklik həyata keçirib.

Banker.az xəbər verir ki, BOKT-nin Ümumi Yığıncağının qərarına əsasən, kollegial icra orqanı idarə heyəti ləğv edilərək, bundan sonra təkbaşına icra orqanı ilə idarə ediləcək.

Buna qədər BOKT “AZPUL” idarə heyəti sədri Tural Vəliyev Gəray oğlu və İdarə heyəti üzvü Məhəbbət Mustafayev Məhəmməd oğlu ilə təmsil edilirdi. Hər iki şəxsin adı yeni icra orqanında yer almayıb.

Belə ki, təkbaşına rəhbər və ya direktor kimi Emin Ağayev Aydın oğlu təyin edilib.

Cəmiyyətin Müşahidə Şurasında isə Oktay Vəliyev Ağamirzə oğlu sədr kimi, Vladimir Radostovets və Pavel Grebennikov isə üzvlər kimi təmsil olunur.

Ölkədə xırda istehlak kreditləri verən Bank Olmayan Kredit Təşkilatı “AzPul” MMC 2023-cü ili 28.44 milyon manat xalis mənfəət əldə etməklə, ölkənin ən iri mənfəətə sahib olan BOKT-lərindən biri olub. 2022-ci ildə onun xalis mənfəəti 3.54 mln. manat olmuşdu.

“AzPul” 2023-cü ildə ümumi aktivlərini 6.36 mln. manatdan 50.89 mln. manata qaldırıb. Aktivlərin 50.13 mln. manatı qısa müddəti əhatə edir. Müştərilərə verilən kreditlərin həcmi 7.47 mln. manatdan 28.03 mln. manata yüksəlib. Kredit təşkilatı kreditləri qısa müddətə təqdim etsə də, onlardan böyük nisbətdə gəlirlər əldə edir. Faiz gəlirlərinin kredit portfelinə nisbəti 150 faizin üzərindədir və hazırki bazar üçün olduqca yuxarı bir rəqəmdir.

BOKT 2020-ci ildə təsis edilib və Mərkəzi Bankdan kredit bazarına çıxış üçün lisenziya əldə edib. Onun sahibi Vladimir Radostovets Nikolayeviçdir. 300 min manat nizamnamə kapitalı tam olaraq bu şəxsə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər