Azərbaycanın yeganə təkrar sığorta şirkəti “AzRe Təkrarsığorta” ASC-nin bu ilin ilk üç rübündə yığımları yüksəlsə də, ödənişlərin daha yüksək dinamika ilə artması səbəbindən zərərlilik dərəcəsini artırıb.
Banker.az xəbər verir ki,2025-cü ilin yanvar-sentyabr aylarında təkrarsığortanın yığımları illik müqayisədə 26 faiz artaraq 73.57 milyon manata yüksələrkən, ödənişləri illik 44 faiz artaraq 18.65 milyon manata yüksəlib.
Bununla da şirkətin zərərlilik nisbəti 60 faizdən 74.3 faizə yüksəlib.
Təkrar sığortaçının əsas gəlir mənbəsi olan əmlakın yanğından və digər risklərdən sığortası illik müqayisədə 5.56 mln. manat artımla 35.83 mln. manata yüksəlsə də, ödənişlər isə 1.15 mln. manat artaraq 8.64 mln. manata yüksəlib.
Şirkətin ən iri zərərlilik nisbəti hava nəqliyyatı vasitələrinin sığortası üzrədir və bu nisbət 142 faizi keçib. Bununla belə bu sektorda şirkətin zərərlilik nisbəti 237 faiz olmuşdu.
Məlumat üçün bildirək ki, “AzRe Təkrarsığorta”nın ilk üç rübdə xalis mənfəəti 17 milyon manat səviyyəsində olub və illik müqayisədə 18% azalma göstərib. Halbuki, öncəki ilin ilk üç rübündə bu rəqəm 21 milyon manat idi.
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 50%-lik səhmdarıdır.









