Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən məlumatların hələ dəqiqləşdirilmədiyi qeyd olunur.
Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) istifadəyə verdiyi portalda onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır.
İqtisadçı-ekspert Vüqar Bayramov bunun səbəbi və dəqiqləşdirmənin nə zaman başa çatacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Ekspert bildirib ki, bu, heç də həmin vətəndaşa kompensasiya düşməməsi anlamına gəlmir: “Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar. Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlar ilə Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var. Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də yaradılan Palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdən sonra kompensasiya məbləğlərini hesablaya bilər”.