21 C
Baku
Wednesday, May 1, 2024

Bağlanan bankların əmanətçilərinin taleyi necə olacaq?

2015-ci ilin iqtisadi yekunlarına həsr edilmiş iclasda ölkə başçısının banklarla bağlı verdiyi tapşırıqlar sürətlə icra edilir. Prezident İlham Əliyevin işini düzgün qura bilməyən banklara dair iradı və bəzi bankların birləşdirilməsi ilə əlaqədar dedikləri Mərkəzi Bankın çevik addımlar atması ilə nəticələndi və yanvar ayında artıq 6 bankın lisenziyası ləğv edildi.

Kiçik bankların bağlanmasının əsas səbəbi kimi məcmu kapitala dair normativə əməl edilməməsi göstərilir. Mərkəzi Bank kiçik bankların lisenziyasının ləğvi ilə bağlı qərarını bu bankların məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyi, kreditorları qarşısında öhdəliklərini icra edə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə edə bilmədiyi ilə əsaslandırır. Bu arada qeyd edək ki, son 1 ildə baş vermiş 2 devalvasiya bir sıra bankların kapitallaşma sistemini zədələdi və onlar çətin duruma düşdü. Əslində hazırda ölkədə fəaliyyət göstərən bankların 30-40 faizi bu problemlə üzləşib. Lakin Mərkəzi Bank ilk olaraq ən kiçik və çox kritik vəziyyətdə olanları seçdi və bazarda ən az əmanət toplayan bankların üstündən “xətt çəkdi”.

Ekspertlər hesab edirlər ki, bank sektorunda islahat aparılması çox vacibdir. Lakin bu islahatlar düzgün istiqamətdə aparılmalıdır ki, ölkədə ajiotaja səbəb olmasın, əhalinin bank sisteminə olan zəifləmiş inamı daha da sarsılmasın. Əks halda, əhalinin banklardakı əmanətləri daha da əriyə və bank sektoruna daha ağır zərbə dəyə bilər.

İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, yaxın günlərdə və ya həftələrdə daha bir neçə bankın bağlanması gözlənilir: “Mərkəzi Bankın belə tələsik addımının səbəbi aydındır. Səbəb bağlanması planlaşdırılan bankların taleyini “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qəbuluna qədər həll etməkdir. Milli Məclisin növbəti iclası fevralda olacaq. Qanun da fevral ayı ərzində qəbul edilib qüvvəyə minəcək”.

Mütəxəssis bildirir ki, yerdə qalan problemli bankların taleyinin konsolidasiya, yəni birləşmə yolu ilə həll edilməsi mümkündür: “Əslində bankların sayının azaldılmasına ehtiyac var. Ancaq Mərkəzi Bankın hazırda atdığı tələm-tələsik və selektiv seçmə şəklindəki addımlarının bir sıra neqativ fəsadları olacaq və onun zərbəsi əmanət bazarına və əmanətçilərə dəyəcək. Əmanət bazarının kiçilməsi sürətlənəcək, əhalinin banklara etibarı azalacaq. Bağlanan banklar arasında xeyli əmanətçi kontingenti olan banklar var. Məsələn, NBC Bank 1 dekabr tarixinə 95 milyon manatlıq depozitə malikdir ki, bunun da 68 milyon manatı əhalinin payına düşür. Bu əmanətlərin heç də hamısı qorunmur. Ətrafımda olan xeyli insan tanıyıram ki, onların əmanətinin təxminən 50-60%-i kompensasiya məbləğinə uyğundur. Yerdə qalanın taleyi bankın maliyyə vəziyyətinin ümidinə qalacaq”.

Beləliklə, lisenziyası ləğv edilmiş, yəni fəaliyyətini dayandırmış banklara müvəqqəti inzibatçı təyin edilir və bankın ləğvedilmə və borclandığı şəxslər, eləcə də müştəriləri ilə üzülüşmə prosesi başlayır. Mütəxəssislər hesab edir ki, kredit borcu, yaxud depoziti olan vətəndaşların işləri ilə Mərkəzi Bankın təyin etdiyi müvafiq əməkdaşın iştirakı ilə ləğvetmə komissiyası məşğul olacaq. Depozitlər sığortalıdırsa, pul Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşa qaytarılmalıdır. Hazırda fondda təxminən 110 milyon manatdan artıq pul toplanıb. Yəni, fond depozitləri qaytara bilər. Kredit borcu olanlarla isə kreditlərin geri dönüşü ilə bağlı yeni müqavilələr bağlanacaq və bununla da kreditlərin geri dönüşü təmin ediləcək.

Bu arada qeyd edək ki, fond 30 min manatadək və maksimum 12 faizlə yerləşdirilmiş əmanətləri qaytaracaq. Daha yüksək məbləğli və ya faizli əmanətlərin taleyi isə sual altındadır. Pulların geri alınması uzun illər və sonu bilinməyən proseslərin yekununda mümkün ola bilər.

lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər