9 C
Baku
Thursday, December 12, 2024

Bağlanan banklarla bağlı müəmmalı vəziyyət

Azərbaycan Banklar Assosiasiyası nəzdində Hərrac mərkəzinin təşkil olunması praktiki baxımdan yaxşı ideyadır.

Bunu daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev deyib.

Bir qədər əvvəl Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Azərbaycanda bankların daşınmaz və daşınan əmlakının satışını həyata keçirmək üçün Hərrac mərkəzinin yaradıldığını bildirib. Onun sözlərinə görə, mərkəz Assosiasiyanın nəzdində fəaliyyət göstərəcək.

Hərracların keçirilməsi məqsədilə yaradılan mərkəz Azərbaycanda bağlanmış 11 bankın əmlakının satışı ərəfəsində meydana gəlib.

Əliyevin sözlərinə görə, hərrac mərkəzinin yaradılması ilə bağlı danışıqlar gedirdi. Lakin müxtəlif məlumatlara görə, bu, hansısa dövlət orqanının nəzarəti altında yaradılmalı idi. Bununla belə, hələ ki, heç kəs onun fəaliyyətinə dair nizamnaməni görməyib.

“Məlum deyil ki, onu kim idarə edəcək, o, necə təşkil ediləcək – ayrıca hüquqi şəxs kimi, yoxsa yox. Hələlik təkliflər yalnız KİV səviyyəsində gedir” – deyə Əliyev bildirib.

Hazırda qanunvericilik aspekti ilə bağlı olan bəzi proseslər gedir. Məsələ burasındadır ki, borclu kreditini qaytara bilməyəndə onun əmlakı qiymətləndirilir və satılır. Amma elə hallar da var ki, daşınmaz əmlak bankın özünə məxsus olur.

“Əgər söhbət bunun nə qədər düzgün olmasından gedirsə, ilk baxışdan bu düzgün deyil. Mən düşünürəm ki, bu praktiki baxımdan yaxşı ideyadır. Əlbəttə, əgər bütün hərraclar ABA tərəfindən şəffaf təşkil edilsə” – deyə ekspert bildirib.

Əlbəttə, belə fikir də var ki, bankların yurisdiksiyası altında keçirilən hərraclar ideyası özünü doğrultmayacaq. Hərrac belədir ki, alıcılar gəlirlər və daha yüksək qiymət verən, təklif olunan məhsulu alır. Girovun satılmasından sonra kredit borcu ödənir.

“Ona görə də, məlum narahatçılıq var. Biz vəziyyəti bilmirik, mərkəzin nizamnaməsi ilə tanış deyilik və bilmirik ki, o, necə formalaşdırılacaq! Orada dövlət orqanları tərəfdən müşahidəçilər olacaqmı? O da var ki, hər şey işin necə təşkil edilməsindən asılı olacaq. Hər halda, bu istiqamətdə atılan addım müsbətdir” – deyə Əliyev bildirib.

Əliyev hərracların qiymətləndirmə şirkətləri, yaxud rieltor kontorları tərəfindən keçirilməsinin əleyhinə çıxıb. Çünki qiymətləndiricilər əmlakın satıcıları deyil, rieltorlar isə öz şirkətlərinin adından fəaliyyət göstərən şəxslərdir.

“Bu işi onların himayəsi altına vermək daha pisdir. Xaricdə bəzən belə təcrübə var ki, girovların satılması üçün rieltor şirkətlərini cəlb edirlər. Amma bu, daha az şəffaf olacaq” – deyə daşınmaz əmlak üzrə ekspert bildirib.

Hazırda Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğv olunmuş 11 bankın (Qafqaz İnkişaf Bankı, United Credit Bank, Bank Standard, Zaminbank, Dekabank, Kredobank, Atrabank, Bank of Azerbaijan, Gandjabank, Texnikabank və Parabank) müştəriləri qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinin təmin olunması üzərində işləyir.

Son xəbərlər
Digər xəbərlər