Bu gün paytaxtdakı 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə əyani tədris prosesi bərpa olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, 39, 258 nömrəli tam orta məktəblərdə və 166 nömrəli məktəb-liseydə çalışan bir neçə müəllimin COVİD-19 testi pozitiv çıxdığına görə təhsil müəssisələrində tədris müvəqqəti olaraq distant formada davam etdirilirdi. Onu da qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir. Sağlamlığına həssas yanaşan bütün təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər.