Hazırda Bakı Limanının tikintisinin ikinci fazasının texniki-iqtisadi əsaslandırılması, gələcək proqnozlarının nəzərə alaraq layihələndirilməsi və bu kimi digər zəruri işlər aidiyyəti dövlət qurumlarının da iştirakı ilə həyata keçirilir.
Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.
“Xüsusilə qeyd olunmalıdır ki, limanın inkişafının 2-ci fazasının inşası və idarə edilməsində də təcrübəli beynəlxalq logistika şirkətlərinin iştirak etməsi nəzərdə tutulur”, – açıqlamada deyilir.
Qeyd edilib ki, Azərbaycanın geostrateji mövqeyinin gücləndirilməsi və tranzit imkanlarının daha da artırılması baxımından logistika və qlobal dəhlizlərdə əhəmiyyətli rol oynayan Bakı Limanının ikinci fazasının inşası mühüm əhəmiyyət kəsb edir.
Bildirilir ki, Bakı Limanının inkişaf strategiyasına uyğun olaraq limanın tikintisinin ikinci fazasının icra edilməsi hələ uzun illər əvvəldən nəzərdə tutulub.

Qeyd edək ki, bununla bağlı hazırlanan ilkin layihəyə əsasən limanın tikintisinin ikinci fazasının yekunlaşdırılması ilə limanın illik yükaşırma gücü 500 000 TEU konteyner də daxil olmaqla 25 milyon tona qədər artırılacaq.







