Bakı metrosunda sərnişindaşıma azalsa da, gəlirlər 23% artıb

Bakı metrosunda 2025-ci ilin yanvar-iyun aylarında sərnişindaşıma üzrə gəlir 54,0 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur. Eyni zamanda, metro ilə daşınan sərnişinlərin sayı 1,6% azalaraq 111,4 milyon nəfərə düşüb. Sərnişin dövriyyəsi də 1,6% azalaraq 1,315 milyard sərnişin-km olub.

Beləliklə, sərnişin sayında azalmaya baxmayaraq, metronun sərnişindaşımadan əldə etdiyi gəlir 10 milyon manat artıb. Müqayisə üçün, Dövlət Statistika Komitəsinin 2026-cı ilin ilk altı ayı üzrə məlumatında metro sərnişinlərinin sayı 111,7 milyon nəfər göstərilir və bu, illik 0,3% artımdır.

Qiymətlərdə sonuncu tarif dəyişikliyi 2025-ci il oktyabrın 1-dən qüvvəyə minib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 18 sentyabr 2025-ci il tarixli qərarı ilə Bakı metrosunda bir gedişin qiyməti 50 qəpikdən 60 qəpiyə qaldırılıb. Bundan əvvəl tarif 2024-cü il iyulun 1-dən 50 qəpik idi.

Bu arada, avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “28 May”–“Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılıb. Tikinti işlərinin 10–11 ay davam edəcəyi gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər