Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti başçısına yeni müavini təyin edilib.
Banker.az xəbər verir ki, bu, Əfsar Mirzəliyevdir. Xəzər rayon İcra Hakimiyyəti başçısının 25 avqust 2020-ci il tarixli əmiri ilə ilə Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. Buna qədər vəzifə vakant idi.
Mirzəliyev Əfsar Xasay oğlu – 1963-cü ildə Şamaxı rayonu Cəmcəmli kəndində anadan olmuşdur. 1980-ci ildə Bakı şəhəri 8 saylı musiqi təmayüllü məktəbi bitirmişdir. 1985-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun İnşaat mühəndisi fakultəsini, 2006-cı ildə Milli Aviasiya Akademiyasının Beynəlxalq iqtisadi münasibətlər fakultəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1985-ci ildə “Yoltexnika” təcrübə sınaq zavodunda mühəndis kimi başlamışdır, 1989-2001-ci illərdə “Yoltexnika” təcrübə sınaq zavodunda şöbə rəisi, 2001-2002-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişaf şöbəsində iqtisadçı, 2002-2008-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişaf şöbəsində böyük iqtisadçı, 2008-2012-ci illərdə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri, 2012-2015-ci illərdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, 2015-2020-ci illərdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1-ci dərəcə dövlət qulluqçusudur.
Ailəlidir, bir övladı var.