Mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bu sənədlə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi üzrə həyata keçirilmiş modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.
Bu tədbir, həmçinin BTQ xəttinin effektiv idarəçiliyinin təmin edilməsi məqsədilə ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə başlaması ilə əlamətdar olub.
Modernləşdirmənin məqsədi BTQ-ni Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabətqabiliyyətini artırmaqdır. Bu modernləşmə BTQ-ni Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksional edir.







