Bakıda keçirilən böyük beynəlxalq yarış dövründə xarici turistlərin xərclərində Türkiyədən gələn ziyarətçilər açıq fərqlə ilk yeri tutublar.
Banker.az-ın verdiyi məlumata görə, yarışdan əvvəl və sonrakı beş gün ərzində xarici turistlərin kartlarla etdiyi transsərhəd xərclərin təxminən 25 faizi Türkiyədən gələn ziyarətçilərin payına düşüb.
İkinci yerdə 14 faiz payla Böyük Britaniyadan gələn turistlər qərarlaşıb. Qazaxıstandan gələnlərin payı 11 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin payı isə 6 faiz təşkil edib.
Turistlərin pul xərclədiyi sahələr ölkələr üzrə də fərqlənib. Böyük Britaniya, BƏƏ və Almaniyadan gələn turistlərin xərclərində restoran və digər iaşə müəssisələri daha böyük pay tutub.
Səudiyyə Ərəbistanından gələn turistlər isə pullarının daha böyük hissəsini yerləşməyə xərcləyiblər.
Belarus, Qazaxıstan və Gürcüstandan gələn ziyarətçilərin xərclərində geyim məhsullarının payı digər istiqamətlərlə müqayisədə daha nəzərəçarpacaq olub.







