Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkət istiqamətinə dəyişiklik edilib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Mərkəzin əməkdaşları ərazidə təhlillər aparıblar. Kəsişmədə sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək, eləcə də yaranan sıxlığı azaltmaq məqsədilə təkliflər hazırlanıb və icrası ilə bağlı aidiyyəti dövlət qurumundan müsbət rəy alınıb.
Belə ki, bundan sonra Əhməd Rəcəbli küçəsi ilə hərəkət edən avtomobillər yolda 3.19 (Geriyə dönmək qadağandır) nişanı quraşdırıldığından birbaşa geriyə dönə bilməyəcəklər. Onlar Təbriz küçəsi istiqamətinə hərəkət edib Nərimanov parkının qarşısındakı alternativ geriyədönmədən istifadə edə biləcəklər. Bununla yanaşı, Təbriz küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində də yaranan sıxlığın qarşısını almaq üçün işıqforda əlavə sağa dönmə seksiyası quraşdırılıb.