Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavinlərindən daha biri vəzifəsindən azad edilib.
Banker.az-ın xəbərinə görə, bu İsmayılov Vüsar Qəşəm oğludur.
Qeyd edək ki, o Yeni Azərbaycan Partiyasında yeni vəzifəyə təyin edilib. Belə ki, YAP-ın Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğluna həvalə edilib.
O, bu vəzifəyə 2008-ci ildən təyin edilmişdi. Bunla da icra başçısının müavinlərinin sayı birə (Süleymanova Sevinc Məhəmməd qızı) düşüb. İyulun sonunda Banker.az daha bir icra hakimi müavininin vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yazmışdı.
İsmayılov Vüsar Qəşəm oğlu 6 aprel 1973-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsini, 2006-cı ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini və Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. 1990-1993-cü illərdə Şərur rayonu 16 saylı mexanikləşdirilmiş səyyar dəstədə II dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1994-1997-ci illərdə YAP Şərur rayon təşkilatının “İnam yolu” qəzetində şöbə müdiri, 1997-2000-ci illərdə Təsərrüfat hesablı təmir-tikinti idarəsində hüquq məsləhətçisi, 2000-2001-ci illərdə 3 saylı mənzil tikinti trestinin 18 saylı təmir tikinti idarəsində hüquq məsləhətçisi, Nərimanov rayon ƏƏSMM-də pensiya üzrə müfəttiş, 2001-2008-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifələrində işləmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2008-ci il tarixli 22 nömrəli Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var.