Bakıda keçirilən illik Data & AI Forum 2025 tədbiri biznes cəmiyyəti, dövlət qurumları, İT şirkətləri və beynəlxalq texnologiya təchizatçılarını bir araya gətirdi. Təxminən 100 nümayəndənin iştirak etdiyi forumda PASHA Holding, PASHA Bank, Eurasian Bank, Azercell, Qazaxıstan Milli Bankı, KPMG, Selena Data Platform, Informatica və DeoniX kimi nüfuzlu təşkilatların təmsilçiləri çıxış etdilər.
Forum məlumatların idarə olunması, məlumat iqtisadiyyatı, süni intellekt agentləri və gələcək trendlər sahəsində əsas tendensiyaların müzakirə edildiyi önəmli platformaya çevrildi.
Forumun əsas tərəfdaşı, məlumatların idarə olunması sahəsində aparıcı qlobal təchizatçı olan Informatica oldu. Mərkəzi Asiya, Qafqaz, Ukrayna və Moldova regionlarında Informatica-nın həllərini rəsmi distribütoru DeoniX təmsil edir.
Spikerlərin çıxışlarında məlumat arxitekturaları, təhlükəsizlik məsələləri və süni intellektin praktiki tətbiqi ön planda oldu. Tədbir göstərdi ki, Azərbaycan bazarı miqyaslana bilən və ağıllı İT həllərinə böyük maraq göstərir.
Forumun açılışını edən DeoniX Azərbaycan üzrə meneceri Rufat Sadıgov qeyd etdi ki, məlumatların və süni intellektin düzgün idarə olunması biznes üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bazarı artıq növbəti mərhələyə – süni intellekt agentlərinin inteqrasiyası, yeni nəsil məlumat arxitekturaları və şəffaf metadata idarəetməsinə hazırdır.
DeoniX şirkətinin baş direktoru Kanat Abirov bazar trendləri ilə bağlı fikirlərini bölüşərək bildirdi: «UNCTAD məlumatlarına əsasən, 2033-cü ilə qədər qlobal süni intellekt bazarının həcmi 4,8 trilyon ABŞ dollarına çatacaq. Şirkətlər artıq süni intellekt və onu dəstəkləyən texnologiyalara sərmayə yatırmağa hazırdırlar. Bu transformasiyada süni intellekt agentləri — kognitiv funksiyalara malik rəqəmsal əməkdaşlar — xüsusi rol oynayacaqlar və yaxın illərdə biznes landşaftını dəyişəcəklər».
Qlobal texnologiya liderləri qeyd edirlər ki, klassik tətbiqlər tədricən süni intellekt agentləri ilə əvəz olunacaq. Lakin ekspertlərin fikrincə, inkişaf etməkdə olan ölkələrdə süni intellektin əlçatanlığı infrastruktur, kadr və normativ maneələrlə məhduddur. Bununla yanaşı, İİ-nin tətbiqi zamanı məlumatların idarə olunması, keyfiyyəti, təhlükəsizliyi, nəticələrə etimad və məsuliyyət bölgüsü kimi məsələlər də həlledici rol oynayır.
Azercell şirkətinin Məlumat Analitikası və Süni İntellekt üzrə direktoru Sabir Mərdanov vurğulayıb: «Azercell olaraq inanırıq ki, süni intellekt sadəcə bir fürsət deyil – liderliyə iddialı olanlar üçün strateji zərurətdir. Çatbotlardan avtonom agentlərə keçid zamanı İİ yalnız prosesləri sadələşdirmir, eyni zamanda biznes modellərini əsaslı şəkildə yenidən formalaşdırır və telekommunikasiya şirkətlərinin inkişaf, rəqabət və dəyər yaratma üsullarını dəyişir».
Forumda sahə üzrə praktik nümunələrə də xüsusi diqqət ayrıldı. Eurasian Bank-ın (Qazaxıstan) CDO-su Zarina Japarova bank sektorunda süni intellektin tətbiqi təcrübəsini bölüşdü: «2025-ci ilə qədər maliyyə sahəsində İİ-yə ayrılan büdcələr 25% artaraq, ümumi texnologiya xərclərinin 16%-nə çatacaq. Bu isə əməliyyat xərclərinin illik 15–25% azalmasına, satış konversiyasının 10–20% artmasına və qərarların qəbul edilmə müddətinin 70%-ə qədər qısaldılmasına səbəb olacaq. NatWest (Böyük Britaniya) bankının təcrübəsi bunu təsdiqləyir — İİ sayəsində yeni hesablar üzrə dələduzluq halları 90% azalıb».
Zarina Japarova onu da əlavə edib: «Süni intellekt dəbdə olduğu üçün deyil, mənfəət və səmərəlilik naminə tətbiq edilməlidir. Burada uğuru texnologiya yox, komanda və korporativ mədəniyyət müəyyən edir».
PASHA Bank-ın CDO-su Ilker Kurtulush isə bildirib: «GenAI texnologiyalarının bank sektorunda effektiv tətbiqi üçün güclü data management və məlumatın idarə olunması (data governance) zəruridir. Yalnız strukturlaşdırılmış, dəqiq və etibarlı məlumat bazası üzərindən qurulan süni intellekt həlləri müştəri təcrübəsini və əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırır».
Bütün ekspertlər razılaşırlar ki, innovasiyaların mənimsənilməsi və məlumatlarla işləmə mədəniyyətinin formalaşdırılması bu sahədə əsas inkişaf istiqamətləridir. Məhz texnologiyalara, İİ-yə, metadatalara və məlumat mədəniyyətinə investisiya edən təşkilatlar rəqəmsal iqtisadiyyatda lider olacaqlar.
Forum Bakıda ilk dəfə keçirildi və hər il təşkil olunması planlaşdırılır. Tədbirin təşkilatçısı DeoniX İT şirkətidir. DeoniX 2010-cu ildə yaradılıb və bu gün məlumatların idarə olunması və biznes analitikası sahəsində qabaqcıl texnologiyalar əsasında həllər təklif edir.