Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib.
Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib.
Nəqliyyat qovşağı 50 000 m2 ərazini əhatə edir. 8500 m2 ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib.
Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel”i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir.
Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.
Kompleksdə dispetçer və bilet satışı məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.
Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.
Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.
Nəqliyyat qovşağında Almaniyanın “SAP” şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində “SAP” texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakı vəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.
“Cisco” şirkəti ilə reallaşdırılan “Ağıllı şəhər” pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.
Sərnişinlər biletləri BBAK-ın, “Silkway” turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsilə “www.avtovagzal.az” saytından əldə edə bilərlər.
Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.