ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il üçün Viza Lotereyası proqramının (“GreenCardVisa”) ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
Banker.az bildirir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
Qeyd olunur ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri “GreenCard” proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.
“Bundan əlavə, yerli viza təşkilatları Viza Lotereyasına daxil etmək məqsədi ilə Sizdən şəxsi məlumatları almaq üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli “GreenCard” təşkilatı ilə çalışmır və ya dəstək göstərmir”, – səfirliyin bəyanatında deyilir.
Diplomatik nümayəndəlikdən bildirilib ki, ərizəçilər bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunu hesab edirlərsə və yaxud fırıldaq məqsədi ilə onlara müraciət olunubsa, “Facebook” səhifəsi vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına müraciət etməklə səfirliyə məlumat versinlər.
Bundan başqa, yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə heç kimə ödəniş etmədən ərizəni yoxlamaq olar.