“Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır və müvafiq dövlət qurumları ilə birgə işçi komissiya yaradılıb. Həmin komissiyada da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edilir”.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdiri Ramiz Babayev deyib.
O bildirib ki, baş planla bağlı iş artıq ikinci mərhələdədir.
Şöbə müdiri xatırladıb ki, birinci mərhələdə 4 prioritetdən ibarət Bakının İnkişaf Konsepsiyası hazırlanıb:
“Həmin prioritetlərdən biri də şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir.
İkinci mərhələdə Baş Planın yekun layihəsi hazırlanır və ilin sonunadək müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bu mərhələdə də ETSN ilə əməkdaşlığı davam etdiririk.
Beynəlxalq praktikaya baxdıqda şəhərlərdə yaşıllıq örtüyü əhalinin sayı və məskunlaşma ərazisinə görə müəyyən edilir.
Bu gün ETSN tərəfindən hazırlanan yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası Baş Planın hazırlanmasında faydalı olacaq. Belə ki, Bakının inkişaf perspektivində yaşıllıq ərazilərinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək”.
©Report