27 C
Baku
Sunday, April 28, 2024

Bakının ilk bankları

Azərbaycanın neft sənayesinin inkişafı ilə əlaqədar Bakıda bank sektoru inkişaf etməyə başladı. İlk addım kimi 1874-cü ilin fevralında Bakıda Qarşılıqlı kredit cəmiyyəti yaradıldı. Onun uğurlu fəaliyyəti nəticəsində 80-ci illərin sonlarında cəmiyyətin artıq 746 üzvü var idi və burada verilən kreditin məbləği 2 milyon 132 min rubla çatırdı. Qarşılıqlı kredit cəmiyyəti 85 milyon rubl pul dövriyyəsinə malik idi.

1874-cü ilin iyununda Rusiya Dövlət Bankının Bakı filialı yaradıldı. Filialın əsas fəaliyyəti qeydlər və veksellərin yenidən qeydiyyatı, qiymətli kağızlar və məhsullarla (neft və neft məhsulları) kreditlərin verilməsi idi. Rosbankın daimi müştəriləri sırasında nəhəng neft sənayesi milyonerləri – Nobel, Lianozov, Tağıyev, Nağıyev, Əsədullayev, Hacınski, Dadaşov var idi. Sənədlərə əsasən 10 il ərzində (1902-1912-ci illər) burada 8,5 milyon rubl məbləğində 227 kredit açılmışdır. Tək 1916-cı ildə isə 37,5 milyon rubl məbləğində 398 kredit açılmışdır. Böyük filialın balansında ikinci yerdə dəyərlilik əsasında verilən kreditlər dururdu (kağızlar, məhsullar). 1901-ci ildən 1915-ci ilə qədər onlar 10,5 milyondan 83 milyon rubla çatmışdır.

1890-cı ilin avqustunda Bakıda Volqa-Kama şöbəsi yaradılır və artıq 1891-ci ildə əməliyyatların məbləği 42 milyon rubl həcmində hesablanmışdı. Bu ildən bankın idarə heyətinin sədri Nobel olur. Müharibə illərində bank bütün Bakı bölgəsində əməliyyatların inkişafı üzrə aparıcı mövqe tuturdu. 1905-ci ildən etibarən şöbədə pulun dövriyyəsi 456 milyon, 1915-ci ildə isə 12 milyard rubl təşkil edirdi.

Neft sənayesinin inhisarlaşmasında rus banklarının fəal rol oynadığını təxmin etmək çətin deyil. 1910-cu ilə qədər Bakıda rus strukturlarının filialları olan 10-a yaxın yeni bank açılmışdı. Lakin Tiflis tacir və Qafqaz bankları istisna hal təşkil edirdi və bu banklar Tiflisdən idarə olunurdu.

Bank kapitalının yaranması istehsalın cəmləşməsinə və neft sənayesinin mərkəzləşdirilməsinə təsir göstərirdi. Banklar ticarət və sənaye müəssisələri ilə əlaqələri genişləndirib qaydaya salaraq onların bütün fəaliyyətinə nəzarət etməyə başladı. Bank kapitalının sənaye kapitalı ilə birləşməsi və maliyyə kapitalının formalaşması baş verdi. Sonuncu da öz növbəsində, neft sənayesi kapitalı ilə birləşdi. Bunun nəticəsində maliyyə kapitalı neft sənayesində hakimə çevrildi.

Bank sahibləri neft şirkətlərini öz təsirləri altına salırdılar. Rus-Asiya bankının idarə heyətinin sədri Putilov eyni zamanda “Lianozov və Co” neft şirkətinin direktoru, “Nobel qardaşları vətəndaşlıq cəmiyyəti”nin və “Emba-Xəzər” cəmiyyətinin idarə heyətinin sədri idi. Neft sənayeçiləri Nobel, Lianozov da öz növbəsində rus və xarici banklar ilə yaxından bağlı idilər.

XX əsrin ilk onilliklərində öz mövqelərini möhkəmləndirmiş yerli neft maqnatları da nüfuz qazanmaq uğrunda mübarizəyə başladılar.
1914-cü ildə bakılı milyonerlər – Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kapitalı 5 milyon rubl olan Bakı Tacir Bankını yaratdılar. Rusiya Çar hökumətinin icazəsi ilə Tacir bankı nominal dəyərdə səhmlərin emissiyası ilə məşğul olurdu. Belə bir qiymətli kağızın qiyməti 250 rubl idi. Bankın səhmdarları sırasında əsasən tacirlər, neft sənayeçiləri və paroxod sahibləri var idi. Səhmdarların ümumi yığıncağında Şura və Bank rəhbərliyi də iştirak edirdilər və onlar öz növbəsində bütün işlərdə məsuliyyət daşıyırdılar. Növbəti işlər üçün isə Şura və Bank rəhbərliyi tərəfindən icraçı direktorlar təyin edilirdi. Rəhbərliklə bərabər veksellərin qeydə alınması ilə məşğul olan komitə də fəaliyyət göstərirdi. Bu komitə müəyyən bir zamanda veksellərin kredit ödəmə qabiliyyətinə nəzarət edir və banklara bu veksellərin uçota alınmasına sərəncam verə bilirdi.

Hər il mart ayında səhmdarların ümumi yığıncağı bankın fəaliyyəti barədə illik hesabat təqdim edirdi. Hər bir səhmdara daha sonradan malik olduğu səhmlər həcmində dividentlər şəklində ödənilən gəlirlər müəyyən olunurdu. Bankın nizamnaməsinə əsasən bu gəlirlə icraçı direktora və bankın ayrı-ayrı işçilərinə müəyyən olunmuş həcmdə tantyemlər (tantyem – xalis qazancın bir hissəsindən bank və sənaye müəssisələri rəhbərlərinə verilən əlavə mükafat) ödənilirdi. Bankın işçiləri hər birinin 11 aylıq maaşları həcmində tantyemlər əldə edirdilər.

Bankda gündəlik operativ işi həyata keçirmək üçün bir sıra şöbələr var idi. Onlardan ən böyükləri olan veksellərin qeydiyyatı şöbəsi, məhsul və bir çox digər şöbələr bankda etibarlılığı ilə seçilirdilər və bank sənədlərində ikinci imza hüququna malik idilər. Bundan əlavə, bankın polad seyflərdən ibarət xəzinəsi də mövcud idi. Bu xəzinələr müştərilərə pulların, qiymətli kağızların, qızılın, brilliantın və digər dəyərli əşyaların saxlanması üçün icarəyə verilirdi.

Bir çox banklar öz fəaliyyətlərinə geniş miqyaslı binaların tikilməsi ilə başladılar. Bu tikililər bu günümüzdə də şəhərimizi bəzəməklə, tarixi və memarlıq abidələrinin reyestrinə daxildirlər. Bakı Dövlət Bankı möhtəşəm tikiliş formasına görə digərlərindən fərqlənir. Daha sonralar Tiflis və Şimal bankları üçün şəhərimizin memarlıq görünüşünə bir töhfə olan binalar inşa edilmişdir. Şahidlərin müşahidələrinə görə banklar böyük zövqlə inşa edilmişdir. Çünki digər banklar adi yaşayış evlərindən azca fərqlənirdi.

Neft biznesinin inkişafı və kapitalın artımı Bakıda bankların inşasını genişləndirdi. Təxminən üç onilliklər ərzində şəhərdə artıq 20-dən artıq bank strukturu yaradılmışdı.

Bütün banklar ADR-də (Azərbaycan Demokratik Respublikası) çar rejimində olduğu kimi fəaliyyət göstərirdilər. 1917-ci il fevral inqilabından sonra bank işçiləri kredit təşkilatlarında xidmət göstərənlərin Ümumrusiya Həmkarlar İttifaqını yaratdılar. Bank olan bütün şəhərlərdə və həmçinin Bakıda həmkarlar ittifaqının idarələri yaradıldı. 1919-cu ildə ittifaqdakı bank işçilərinin sayı artıq 400-ə bərabər idi. 1920-ci ilin əvvəllərində bankın həmkarlar ittifaqlarının nümayəndələri tərəfindən xüsusi komissiya yaradıldı. Bunun səbəbi isə işəgötürənlərlə danışıqların aparılaraq kollektiv müqavilələrin bağlanması məsələsi idi.

1920-ci il 28 aprel inqilabı bu danışıqlara son qoydu. Sovet hakimiyyətinin qurulmasının ilk günündən AzRevkomun əmri ilə banklar öz fəaliyyətlərini dayandırdılar. Bankları ləğv edərək milliləşdirən komitə yaradıldı. İdarə heyəti Gürcüstanda yerləşən iki bankdan başqa bütün kommersiya bankları Dövlət bankına birləşdirildi və dörd filial ilə Azərbaycanın Xalq bankı formalaşdırıldı. Hər bir filialı da idarə etmək üçün komissarlar təyin olundu. Bankların ləğv edilməsindən sonra seyflərin açılaraq qiymətli əşyaların müsadirə olunması üçün xüsusi komissiya yaradılmışdı. Qiymətli əşyalar müsadirə edildikdən sonra saxlanmaq üçün Rus-Asiya bankında yerləşən dövlətin qiymətli əşyalarının saxlandığı xəzinəyə verildi.

Beləliklə, Azərbaycan bank sektorunun çiçəklənmə dövrü 35 il müddətinə təxirə salındı və daha bir 70 il keçdikdən sonra banklar dinamik şəkildə inkişaf etməyə başladılar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər