“Xalq Sığorta” 2026-cı ilin yanvar-mart aylarını 1 milyon 482 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin müvafiq dövrü ilə (558 min manat) müqayisədə 2.6 dəfə artım deməkdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə şirkətin cəmi gəlirləri 7.8 milyon manata yüksəlib. Lakin sığorta fəaliyyətindən əldə edilən əsas əməliyyat gəlirləri 5% azalaraq 7.33 milyon manata düşüb.
Şirkətin cəmi xərcləri ötən ilin birinci rübü ilə müqayisədə 16% artaraq 5.93 milyon manat təşkil edib. Bu artımda əsas pay sahibi sığorta ödənişlərini də əhatə edən əsas əməliyyat xərclərinin 36.8% yüksəlməsidir.
Şirkət rüb ərzində 7.28 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü (7.43 milyon manat) ilə müqayisədə 2% azdır. Sığorta ödənişləri isə 32.7% artaraq 2.4 milyon manata çatıb.
Əmlak Sığortası (Yanğın və digər risklər) üzrə yığımlarda 0.8% azalma (1.37 milyon manat) qeydə alınıb. Avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 4.2% artaraq 597 min manata çatıb. Bu sinif üzrə ödənişlər isə 35% artaraq 392 min manat olub. Zərərlilik dərəcəsi 77%-dən 80%-ə yüksəlib.







