Azərbaycanın poladəritmə müəssisəsi “Baku Steel Company” və “Jindal Steel International” İtaliyanın “Acciaierie d’Italia” (ADI) üçün təkliflərini artırıb.
Banker.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İtaliya hökuməti bu barədə şənbə günü bildirib və bu iki şirkət zavodun alınması üçün əsas namizədlər sırasına daxil edilib.
İtaliyanın cənubundakı Taranto şəhərində yerləşən ADI yüksək enerji xərcləri və zəif tələbat fonunda istehsalı davam etdirməkdə çətinlik çəkdiyi üçün dövlət idarəçiliyinə verilib.
ADI-nin gələcək taleyi İtaliyanın Baş naziri Corcia Meloni üçün narahatlıq doğurur, çünki zavodun bağlanması ölkənin istehsalat sektoruna ciddi təsir göstərə bilər.
İtaliyanın fövqəladə komissarları bəyanat verərək təklifləri “bir neçə gün ərzində” qiymətləndirəcəklərini və öz rəyini sənaye nazirliyinə göndərəcəklərini bildiriblər. Onlar maliyyə detallarını açıqlamayıblar.
İtaliyanın “Il Messaggero” qəzeti şənbə günü yazıb ki, “Baku Steel Company” təklifini təxminən 1 milyard avroya (1.05 milyard dollar) yüksəldib və bu, “Jindal”ın təklifindən çoxdur.
Qəzet əlavə edib ki, hökumət danışıqları mart ayına qədər başa çatdırmağa ümid edir.