12 C
Baku
Monday, November 18, 2024

Bandotdelin “Günay Sığorta”da yoxlamaların başladığı bildirilir

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) məşhur şirkətlə bağlı araşdırmalara başlayıb. Bunu Mubahise.az portalı bildirib.

Bandotdel sığorta sahəsində tanınan “Günay Sığorta” şirkəti ilə bağlı yoxlamalara başlayıb.
Belə ki, tanınmış “Ferrini” paltar mağazası “Günay Sığorta” şirkətində məhsullarını sığortalatdırıb. Lakin avqust ayında həmin mağazanı su basdığı üçün mallar məhv olub və qanunvericiliyə uyğun olaraq həmin mağazaya külli miqdarda sığorta ödənişi verilməlidir. Lakin sığorta şirkətinin rəhbərliyi bu ödənişi etməməyə cəhd edərək bağlanan müqavilədə səhvlər axtarmağa başlayıb.

Bundan sonra şirkət tərəfindən edilən şikayət əsasında “Günay Sığorta”nın tələb olunan kapital və məcmu kapitalı ilə bağlı “Bandotdel”də yoxlamar başlayıb. Araşdırma davam edir.


“Günay Sığorta” şirkətindən Bandotdelin “Günay Sığorta”da yoxlamalara başladığı xəbərinə cavab olaraq bildirir ki, heç bir yoxlama aparılmır.

“Günay Sığorta” xəbər ilə bağlı açıqlama yayıb. Açıqlamada aşağıdakılar qeyd edilib:

Bildirmək istəyirik ki, “Ferrini” geyim mağazası “Günay Sığorta” ASC-də  sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddətdə həmin mağazada subasma hadisəsi baş vermişdir. Müvafiq hadisə araşdırılarkən bir çox şübhəli məqamlar aşkar olunmuş və bundan əlavə, müəyyən olunmuşdur ki, həmin mağaza 2019-cu ildə sığorta bazarında fəaliyyət göstərən digər bir şirkətdən subasma hadisəsi ilə əlaqədar böyük məbləğdə sığorta ödənişi almışdır. 

Qeyd olunan faktları nəzərə alaraq və maliyyə bazarının cinayətkar qəsdlərdən qorumaq üçün şirkətimiz müvafiq hadisənin daha ətraflı araşdırılması, sığorta bazarında fırıldaqçılıqla məşğul olan şəxslərin müəyyən edilməsi məqsədilə qanunverciliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. 

Hal-hazırda məhz bu müraciətlə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müvafiq araşdırmalar aparılır və bu araşdırmaların “Günay Sığorta” ASC-nin fəaliyyəti, o cümlədən tələb olunan kapitalı və məcmu kapitalı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, hər hansı sığorta şirkətinin maliyyə sabitliyini yoxlamaq həmin orqanın səlahiyyəti  xaricindədir. 

 Əlavə olaraq onu bildirmək istəyirik ki, “Günay Sığorta” ASC-nin maliyyə durumu tam sabitdir, baş vermiş sığorta hadisələri ilə bağlı vaxtı-vaxtında sığorta ödənişlərini həyata keçirir. 2020-ci ilin 9 ayı ərzində sığorta ödənişləri 1 milyon 749 min manat təşkil edir.

Nəzərinizə çatdırırıq ki, yoxlanılmamış, “Günay Sığorta” ASC-nin işgüzar nüfuzunu aşağı salan və müştərilərin şirkətə olan inamını sarsıdan yalan məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin məhkəmədə və digər qaydada tələb etmək hüququndan istifadə olunacaqdır. 

 

Son xəbərlər
Digər xəbərlər