7 C
Baku
Sunday, December 15, 2024

“Bank əmək bazarında analitiklərə hər zaman ehtiyac olacaq” – Müsahibə

Kapital Bankın İnsan Resursları departamentinin direktoru Fərqanə Məmmədovanın Banker.az saytına müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

—Fərqanə xanım, Kapital Bank ötən illərdə Azərbaycan əmək bazarının ən aktiv iştirakçılarıdırdandır (nəinki banklar arasında). Bu həcmdə informasiyanın, müsahibələrin və insanların idarə edilməsi prosesini necə aparırsınız?

İlk növbədə güclü və potensiallı komandanın mövcudluğu nəticəsində bu qədər böyük proseslər və iş həcminin öhdəsindən gələ bilirik. Fəxrlə söyləyə bilərəm ki, bu gün bankda bir tərəfdən olduqca güclü komanda fəaliyyət göstərir, digər tərəfdən isə proseslərin avtomatlaşdırılması davam edir. Bankın saytından, sosial şəbəkələrdə yayımlanan vakansiyalarımızın sayından işçi qəbulu prosesinin dayanmadığının siz də şahidisiniz. İşə yeni qəbul olunmuş əməkdaşlarla hər rüb istiqamətləndirmə görüşləri keçirilir və hər görüşdə ən azından 100-150 yeni əməkdaş iştirak edir. Bu o deməkdir ki, Kapital Bank bu il ərzində ortalama 500-ə yaxın vətəndaşımızı iş yeri ilə təmin edib. Nəzərə alsaq ki, bank ən geniş filial şəbəkəsinə malikdir və işçi seçimi ölkə üzrə aparılır, bu qədər işçi axtarışı və seçimi asan deyildir. Lakin, departamentimizin İşə qəbul şöbəsi və seçimlərə cəlb olunmuş digər strukturların əməkdaşları davamlı olaraq müsahibələr keçirir, namizədlərlə görüşürlər.

— Hazırda bazarda kadrların keyfiyyəti və səviyyəsi necədir. Çətin olurmu bu və ya digər vakansiyaya işçi tapmaq? Əsas çətinlik hansı vakansiyalar üzrə yaşanır?

— Bu daha çox hansı kadrların cəlb edilməsinə bağlıdır. Hazır, təcrübəli kadrlar adətən öz funksiyalarını kifayət qədər yüksək səviyyədə icra edirlər. Son illər təcrübəyə və işə cəlb olunan məzunların sayında və keyfiyyətində bir qədər zəiflik hiss olunur. Görüşdüyümüz hər 10-15 məzundan yalnız bir-neçəsi növbəti mərhələyə keçid qazana bilir. Ali məktəblərlə birbaşa əməkdaşlıq belə lazımi effekti vermir. Apardığımız araşdırma nəticəsində bəlli olur ki, potensiallı məzunlar təhsillərini davam etdirmək məqsədilə ölkə xaricinə gedirlər. Ümid edirik ki, onlar mütləq geri dönüb, öz bilik və bacarıqlarını yerli əmək bazarında satacaqlar.

Bu gün işçi seçimində namizəd cəlb etməkdə qarşılaşdığımız çətinlik xüsusilə İnformasiya texnologiyaları, risklərin idarə edilməsi, anderraytinq kimi sahələrdədir. Bu sahədə çalışan kadrların sayı bazarda məhdud olduğu üçün biz bir tərəfdən təcrübəli kadrları cəlb etməklə bərabər, mümkün qədər onların sıfırdan hazırlanmasını da strategiya olaraq qəbul etmişik. Demək olar ki, hər bir departamentdə ən azından 1-2, filial şəbəkəsində isə daha kütləvi sayda yeni məzunlar çalışırlar.

—Bizdə olan məlumata görə, Kapital Bankda ixtisasın artırılması ilə bağlı xüsusi akademiya vardır. Bu akademiya haqqında məlumat verə bilərsinizmi , onun məqsədi nə dir və yaradılması gözləntiləri doğruldurmu? Bizə ən çox verilən suallardan biri də, qeyd olunan akademiyada yalnız Kapital Bankda işləyən və ya təcrübə keçən şəxslərin təhsil almasının mümkünlüyü ilə bağlıdır?

Kapital Bank-ın İnsan Kapitalı Mərkəzi (İKM) fəaliyyət göstərməkdədir. Burada həm işçi seçimi, həm təlim proqramları, həm də əməkdaşların qiymətləndirilməsi prosesi həyata keçirilir. İKM-də müxtəlif səviyyədə təlimlər keçirilir, bunlar yeni işə qəbul olunmuş təcrübəçilərin hazırlanması, təcrübəli işçilərin ixtisasartırılması, menecment kadr rezervinin hazırlanması və digər proqramlardır. Təlim proqramları yalnız bankın əməkdaşları üçün hazırlanmışdır. Əlbəttə, il ərzində bəzi mövzular istehsalat təcrübəsi keçən universitet tələbələri üçün də tədris olunur, lakin iş həcminin çoxluğundan bu kimi layihələrin sayı hələ ki, məhduddur.

—İndiki dövrdə Azərbaycanın əmək bazarının ən aktual problemləri hansıları hesab edirsiniz?

— Daha öncə də qeyd etdiyim kimi, fikrimcə bazara hər il daha az sayda potensiallı kadrların daxil olması ciddi narahatçılıq yaradır. Təbii ki, əmək bazarına çıxarılan namizədlərin rəqabətə davamlı, keyfiyyətli olmasına görə məsuliyyəti ilk növbədə həmin təhsil müəssisəsi daşıyır, lakin, iş dünyası da bu kimi məsələlərdə ali məktəblərə lazımi dəstəyi göstərməlidir. Bu dəstək təcrübə proqramlarının həyata keçirilməsi, şirkətlərin professional kadrlarının birbaşa ali məktəblərdə tələbələrlə öz təcrübələrini paylaşması, müxtəlif fokus qruplarda birgə iştirak və s. kimi verilə bilər.

— Böhran Kapital Bankdan bir qədər yan keçdi desək yanılmarıq, lakin bazarda böhranın təsiri ciddi hiss olunmayan banklardan biridə məhz sizin çalışdığınız bankdır. Böhrandan sonra Azərbaycanda bank işi bir qədər fərqli fazalarda oldu – bu ilkin dövrdə çoxlu sayda ixtisar olunmuş şəxslərin bazara axını, digər fazada banklarda əmək haqqıların, bonusların azalması ilə bank işinin bir sənət kimi imicdə zəifləməsi ilə nəticələndi. Bu işçilərin bir qismi bank işindən bir dəfəlik getdilər. İndilərdə artıq hiss olunurki banklar aktivləşirlər .Sizin fikrinizcə bu aktivləşməyə tələb olunan işçi ordusunu banklar haradan cəlb edəcəklər? Bu bazarda bank işçilərinin əmək haqqılarının qalxması ilə nəticələnə bilərmi?

— Mən iqtisadi məsələlər üzrə analitik deyiləm (gülür), lakin, bu sektorda çalışdığım üçün və müəyyən müşahidələr apardığım üçün, düşünmürəm ki, böhran geridə qaldı, fikrimcə, yenə də bəzi banklar bazarda qalmaq üçün konsolidasiyaya getməli olacaqlar. Lakin, doğrudur, işə qəbulda bəzi banklar tərəfindən fəallaşma hiss olunur. Fəallaşan banklar işçi tələbatını ilk növbədə maliyyə durumu nisbətən qeyri-stabil olan banklardan işçi cəlb etməklə və paralel olaraq yeni işçilər hazırlamaqla qarşılayacaqlar. Bank sektorunda bu gün mövcud olan durum bir müddət də belə davam etsə, əmək haqqlarının qalxmasını real görmürəm, çünki bu birbaşa gəlirliliyə bağlı addımdır. Lakin, qəbul etməliyik ki, böhran bitdikdən sonra yenidən canlanma olacaq və rəqabət artacaqdır. Kapital Bank olaraq biz buna hazırıq, çünki bu gün üçün bazarda təklif etdiyimiz əmək haqqı və motivasiya addımları kifayət qədər cəlbedicidir.

— Əvvəlki sualın ardı olaraq, bir məsələdə çox insan üçün maraqlıdır. Bilirsinizki durğunluq dövründə insanların təhsilə və peşəkar biliklərin artırılmasına vaxt ayırması daha çox müşahidə olunur. Sizin fikrinizcə yaxın 2-3 il ərzində Azərbaycanın bank əmək bazarında hansı biliklərə daha çox tələbat olacaqdır?

— Çox maraqlı sualdır… bank əmək bazarında analitiklərə hər zaman ehtiyac olacaq, bu baxımdan risk, kredit monitorinqi, anderraytinq kimi funksiyalara hələ uzun bir zaman gündəmdə qalacaq.  Həmçinin, proqramçılar, rəqəmsal bankçılıq, müştəriyə yönəlik məhsullar yaradan funksiyalar da olduqca önə çıxacaqdır.

Son xəbərlər
Digər xəbərlər