7 C
Baku
Sunday, December 15, 2024

Bank dövrünün sonu

Bill Gates-in bir neçə il bundan əvvəl bankların faydasızlığı ilə bağlı söylədiyi fikirlər getdikcə reallığa uyğun gəlir. Xarici oyunçularla bağlı artan təhlükə nəticəsində dünya bank sektorunun diqqəti tənzimləyicidən texnoloji aspektlərə yönəlir. Hazırda bank fəaliyyətinin faktiki olaraq hər aspektinin sürətlə inkişaf edən maliyyə və texnologiya sahəsinin (fintech) şirkətləri arasında ekvivalenti var. Artıq 5 ildən sonra onlar dünya maliyyə sistemini tanınmaz şəkildə dəyişə bilər.

Bu hadisəyə artıq “uberizasiya” adı verilib. Məlum olduğu kimi, Uber şirkətinin  bir avtomobili belə olmadan, istifadəsində ən çox sayda taksi var. Həmçinin Airbnb şirkəti bir otelə belə sahib olmadan, ən çox sayda yaşayış yeri təklif edir. Belə şirkətlər birgə istehlak iqtisadiyyatının (sharing economy) nümunəsidir, onların müvəffəqiyyəti maddi aktivlər deyil, texnologiyalara əsaslanır. Bu tendensiya bank sahəsinə də çatmışdır. Hazırda ödənişlərin 15%-i qeyri-bank operatorları tərəfindən həyata keçirilir.

Məsələn, 2009-cu ildə Kaliforniyada fəaliyyətə başlayan Square şirkəti kiçik biznes ödənişlərini (10 milyard dollardan artıq) qəbul edir və müştərilərinə aparılan əməliyyatlar üzrə hesabatlar və analitika təqdim edir. İsveç şirkəti Klarna müştərilərinə məhsul alındıqdan sonra onlayn mağazalarda ödəniş etməyə imkan verir, bununla da borcların yığılması riskini öz üzərinə götürür, lakin eyni zamanda mağazaların dövriyyəsini artırır, çünki məhsul sifariş etmək üçün sadəcə ünvan və e-mail daxil etmək kifayətdir. İsveçdə şirkət artıq onlayn ödənişlərin 20%-dən çoxunu qəbul edir və öz fəaliyyətlərini digər ölkələrdə də genişləndirir. Bu nümunələr göstərir ki, texnoloji şirkətlər ödənişlər zamanı vasitəçi olaraq bankları əvəz edə bilər.

Bankların start-up-larla müharibədə məğlubiyyət nümunələri kifayət qədərdir. Sonuncular qeyri-bank fəaliyyətləri əsasında, məsələn, istehlak vərdişlərinin təhlili vasitəsilə müştərilər haqqında məlumatlardan istifadə edə bilir. Bütün dünyada məşhur olan Alibaba Çin portalı fərdi müştəri və kiçik şirkətlərə yönəldilmiş MyBank adlı bank yaratmışdır. Bank müştərinin onlayın alış-verişi və ödənişləri əsasında ödəmə qabiliyyətini yoxlayaraq kredit verir. Qeyd edək ki, keçən il ərzində Alibaba vasitəsilə edilən alış-verişlərin dəyəri milyardın dörddə birini ötüb.

Sosial kredit bazarı da inkişaf edir. Beləliklə, 10 ildən də az müddətdə Britaniya şirkəti Zopa 1 milyard funt sterlinqdən artıq kredit vermək üçün vasitəçilik edib. Amerikanın Kickstarter saytı fintech sahəsində təxminən yarım milyard kredit maliyyələşdirən 3 milyon müştəri cəlb edib. Belə şirkətlər nəinki müştəriləri bank sektorundan uzaqlaşdırır, hətta bank xidmətlərindən istifadə etməyənləri belə cəlb edir. Təəccüblü olsa da, belələri az deyil, bütün dünya üzrə 2,5 milyard insan, halbuki onların əksəriyyəti mobil telefonlardan istifadə edir. Məhz bu yolla, ödənişləri sadəcə telefonla həyata keçirməyə imkan verən M-Pesa sistemi Keniyada məşhurlaşdı.

Texnoloji şirkətlər həmçinin broker və fond xidmətləri sahəsində də bankları əvəz edə bilər. Smartfonlar üçün Digit və Acorns proqramları müştərilərə avtomatik olaraq aktivlərini yerləşdirmək, məsələn, ən sərfəli depozit hesablarını seçərək maliyyə bazarının bütün təkliflərini təhlil etməyə kömək edir.

Fintech şirkətlərinin inkişafına, ilk növbədə, müştərilərin özləri, həmçinin bazara daxil olan milyonerlər nəsli səbəb olur, onlar bütün əməliyyatları sürətlə, asanlıqla və smartfonları vasitəsilə həyata keçirtmək istəyirlər. Araşdırmalar göstərir ki, müasir istehlakçılar xüsusilə ödənişlər, depozit və kreditlər sahəsində tamamilə online rejimdə olan xidmətlərdən istifadə etməyə meyillidirlər, onların yarısı isə artıq maliyyə xidmətləri üzrə provayderini daha “virtual” ilə əvəzləməyə hazırdır.

İki il əvvəl Avropa Birliyinin komissarı Niele Kroes Davosda keçirilən görüş zamanı, bankların prezidentləri ilə etdiyi danışıqlar əsasında, artıq bir neçə ildən sonra mövcud bank modelinin hissələrə parçalanacağını söyləmişdi. Həmçinin “Bye, Bye Banks” kitabının müəllifləri bildirir ki, Amerika banklarının direktorlarının 40%-dən çoxu rəqiblərini qiymətləndirməyərək vəziyyətin tam ciddiyyətini anlamırlar.

McKinsey konsaltinq şirkətinin məlumatına görə, fərdi bankçılığın 5 aparıcı sektorunun 20-60%-i fintech şirkətləri tərəfindən təhlükəyə məruz qalırlar. Bu baxımdan, bankların gəlirləri 2025-ci ildə 10-40% azala bilər.

Texnoloji start-up-ların daha bir müsbət cəhəti bundan ibarətdir ki, onlar ştatlarında minlərlə işçisi olmayan, müvafiq olaraq daha az əməliyyat xərcləri tələb edən kiçik təşkilatlardır. Bundan əlavə, onlar hüquqi baxımdan daha sadə bir quruluşa malikdir və daha az qayda və qanunlara tabedirlər. Lakin milli tənzimləyicilər bankların böhranının onların ölkəsinin iqtisadiyyatının xeyrinə olmadığına qərar verərsə, bu dəyişə bilər.

Həmçinin pessimistlər yaxın gələcəkdə texnoloji xidmət sahəsində bir köpük yaranacağını təxmin edirlər və bu köpük partladıqda, bir çox şirkət iflas edəcək. İnformasiya təhlükəsizliyi və şəxsi məlumatların qorunması daha bir təhlükədir. Fintech şirkətinin məlumat bazasının sındırılması, müştərilərin yalnız bu şirkətə deyil, bütün sektora olan etibarının itirilməsi demək olardı.

Bankların çoxu gələcək təhlükəni anlayır, lakin müxtəlif bürokratik prosedurlar ilə məhdudlaşdıqları üçün yeni reallıqlara tezliklə uyğunlaşa bilmirlər. Bu zaman yalnız biznes profillərini dəyişə bilən – xidmət çeşidini azaldan, onları müasirləşdirən və prosedurları sadələşdirən banklar uğur qazanacaqlar. Həmçinin onlar yüksək texnologiyalı şirkətlərlə birləşə bilər, bu da nəticədə bankların indiki formada böhranına səbəb olacaqdır.

 

Son xəbərlər
Digər xəbərlər