9 C
Baku
Thursday, December 12, 2024

“Bank of Baku” 11 milyon manatdan çox xalis mənfəət əldə edib – GÖSTƏRİCİLƏRDƏ YÜKSƏK ARTIM!

“Bank of Baku” ASC 2024-cü ilin birinci yarısına dair maliyyə nəticələrini açıqlayaraq, 11 milyon manat həcmində xalis mənfəət əldə etmiş oldu və bununla da ardıcıl olaraq maliyyə vəziyyətini yaxşılaşdırmış oldu.

Banker.az xəbər verir ki, bankın ümumi gəlirləri hesabat müddətində  80.9 milyon manat olmaqla 2023-cü ilin müvafiq dövründəki 66.4 milyon manatlıq göstəricini 22 faiz üstələmiş oldu.

Bankın gəlirlərinin əsasını faiz gəlirləri təşkil edir və ilin ilk yarısında 72.9 milyon manatlıq gəlir əldə etməklə keçən ilki nəticəni 19 faiz üstələmiş oldu.

Bankın gəlirlərinin digər 8 milyon manat qeyri-faiz gəliri təşkil edir.

“Bank of Baku” ilin birinci yarısında 27.1 milyon manat faiz xərci və 40.1 milyon manat qeyri-faiz xərci çəkib.

Bankın ilk yarımildəki xalis mənfəəti ardından onun kapitalındakı bölüşdürülməmiş mənfəəti 77.4 milyon manata yüksəlib. Hesabat müddətində bank xalis mənfəətindən 10.5 milyon manatlıq dividend ayırmışdı.

Bankın maliyyə nəticələrindəki müsbət dinamika beynəlxalq reytinq agentliyi “Moody’s” bankla bağlı reytinqini yenidən nəzərdən keçirməsinə səbəb oldu. Belə ki, agentlik Bank of Baku-nun kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) və tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini B2 səviyyəsindən B1-ə yüksəldib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi də B2-dən B1 səviyyəsinə dəyişib.

Agentlik BoB-un BCA səviyyəsindəki müsbət dəyişikliyi bankın inkişaf etmiş likvidlik profili, eləcə də ölkə səviyyəsində banklar üçün yaradılmış fəaliyyət mühiti və Azərbaycanın iqtisadi gücünün artması ilə əsaslandırmışdı.

AKTİVLƏR MİLYARDA ÇATIB

Bank 2024-cü ilin ilk 6 ayı ərzində cəmi aktivlərinin həcmini 9 faiz artımla 951.1 milyon manata çatdırıb. Bankın müştərilərə verdiyi kreditlərin həcmi ilk yarımildə 8 faiz artımla 712.7 milyon manata yüksəlib. Bankın əsas fəaliyət istiqaməti olan istiqraz krediti portfeli 8 faiz böyümə ilə 527.5 milyon manat olub.

Reytinq agentliyi bu həftə açıqlanan press-relizində BoB-un aktivlərinə də toxunur və bildirir ki, son illərdə aktivlərinin keyfiyyətinin və gəlirliliyi yaxşılaşıb.

Hesabat müddəti ərzində müştərilərdən depozit cəlbini bir qədər də yüksəldərək 580.3 milyon manata çatdırıb ki, bunun da 533.3 milyon manatı əhalinin (fiziki şəxslərin) depozitləridir.

“Moody’s” öz hesabatında Bankın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “stabil” olaraq göstərib, bu isə bankın növbəti 12-18 ay ərzində sağlam kredit göstəricilərini qoruyub saxlayacağına dair fikirləri qüvvətləndirir.

Yuxarıda qeyd etdiyimiz kimi “Bank of Baku”nun illərdir xalis mənfəətlə fəaliyyətinin davam etdirməsi fonunda səhmdarların “qənaətcil” dividend götürməsi ilə bölüşdürülməmiş mənfəət xeyli böyüyüb və bu onun xalis aktivlər üzrə mövqeyini xeyli gücləndirib. Bankın xalis aktivləri 140 milyon manat üzərindədir.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin “NAB Holding”inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik, “AFB Bank” ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər