8 C
Baku
Friday, December 13, 2024

Bank olmayan kredit təşkilatlarının taleyinə gün doğdu

Mənbə: Monitor Konsaltinq Jurnalı

BU TƏŞKİLATLARLA BAĞLI QÜVVƏYƏ MİNƏN QANUN ONLARIN TƏKMİL HÜQUQU BAZA ƏSASINDA FƏALİYYƏT GÖSTƏRMƏLƏRİNƏ İMKAN VERƏCƏK

Ötən ayın ən önəmli qərarlarından biri də Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2010-cu il tarixli sərəncamı ilə  “Bank olmayan kredit təşkilatları haqqında” qanununun tətbiq edilməsi oldu. İndiyə qədər bank olmayan kredit təşkilatlarının (BOKT)  fəaliyyətini tənzimləyən ayrıca qanun yox idi. BOKT-lər öz fəaliyyətini qismən «Banklar haqqında» qanunla, qismən də müəssisələrlə bağlı digər qanunvericilik sənədləri ilə tənzimləyirdi. Qüvvəyə minən qanun BOKT-nin təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını muəyyən edir. Bu yazımızda qanun haqqında ətraflı məlumat verməyə çalışacağıq.

QANUN BOKT-ləri NECƏ NÖVƏ AYIRDI?

Qanuna əsasən, BOKT xususi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti konstitusiya, bu qanun, Mülki Məcəllə, «Mərkəzi Bank» haqqında” qanun, normativ huquqi aktlar, Mərkəzi Bankın normativ xarakterli aktları və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq muqavilələrlə tənzimlənir. Qeyd edək ki, bu qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur.  Qanunun 5.2-ci maddəsinə əsasən, BOKT-lər 2 növə – girov əmanəti qəbul etmək huququ olan və belə huququ olmayan kredit təşkilatlarına bölünürlər. Xarici ölkələrin ərazisində fəaliyyət göstərən BOKT Azərbaycanda yalnız girov əmanəti qəbul etmək hüququ olmayan filiallar təsis edə bilər.

BOKT-LƏRİN YARADILMASINA HANSI TƏLƏBLƏR QOYULUB?

Qanuna əsasən, BOKT-nin adında mütləq “bank olmayan kredit təşkilatı” sözləri olmalıdır. Həmçinin, heç bir BOKT sənədlərdə, elanlarda və ya reklamlarda öz nizamnaməsində göstərilən addan fərqli adlandırıla bilməz. Nizamnamə kapitalına gəlincə, BOKT-nin minimum nizamnamə kapitalı, habelə qeyri-kommersiya huquqi şəxs kimi yaradılan BOKT-nin təsisçilərinin əmlak haqları pul şəklində ödənilməlidir. Nizamnamə kapitalı Azərbaycanın milli valyutası ilə formalaşdırılmalıdır.  BOKT-lərin nizamnamə kapitalının minimum miqdarı, onların formalaşdırdıqları ilkin əmlaka dair minimum tələblər Mərkəzi Bank tərəfindən müəyyən olunacaq.

BOKT-NİN MÜHASİBAT XİDMƏTİNİN RƏHBƏRİ ORTA İXTİSAS TƏHSİLLİ OLA BİLƏR?

Qanun 8-ci maddəsinə əsasən,  BOKT-nin təşkilati strukturunda ən azı rəhbər (direktor, kollegial icra orqanının rəhbəri), mühasibat xidmətinin rəhbəri (baş mühasib, maliyyə meneceri), kredit mütəxəssisi, daxili auditor vəzifələri nəzərdə tutulmalıdır. BOKT-nin inzibatçıları ali təhsilə və ən azı bir illik iş təcrübəsinə malik olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri üçün isə ayrıca tələblər qoyulub. Belə ki, həmin şəxslər ali iqtisadi təhsilə və müvafiq ixtisas üzrə ən azı bir illik iş təcrübəsinə və ya orta ixtisas təhsilinə və müvafiq ixtisas uzrə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdırlar. Qanunun 8.3-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada müvafiq vəzifənin tutulması qadağan edilən, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər BOKT-nin inzibatçıları ola bilməzlər.

LİZENSİYA ALMAQ ÜÇÜN HANSI SƏNƏDLƏR TƏLƏB OLUNUR?

Kreditlərin verə bilmək üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün isə BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Təbii ki, belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. Qeyd edək ki, BOKT-yə verilən lisenziya muddətsizdir. Lizensiyanın alınması üçün BOKT Mərkəzi Banka aşağıdakı sənədləri təqdim etməlidir:

  • Təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
  • Dövlət qeydiyyatı haqqında şəhadətnamənin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • Minimum nizamnamə kapitalının odənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
  • Təşkilati struktur haqqında məlumat;
  • İnzibatçıların peşə yararlılığı və qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat;
  • Maliyyələşdirmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri (əhatə etdiyi ərazi, kreditləşdirmənin subyektləri, kreditlərin verilməsi müddətləri, faiz dərəcələri və s.) barədə məlumat;
  • Xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan.

Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi tələb etdiyi halda);

  • Lisenziyanın alınması üçün dövlət rusumunun ödənilməsini təsdiq edən bank sənədi.

Mərkəzi Bank müraciətə 30 gün müddətində baxmalıdır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda Mərkəzi Bank onların aradan qaldırılması üçün ərizə qəbul edildikdən sonra 15 gündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mərkəzi Bank 15 gün müddətində sənədlərə baxır və müvafiq qərar qəbul edir.

HANSI HALLARDA LİSENZİYA VERİLMİR?

Qanun 12-ci maddəsində lisenziyanın verilməsindən imtinanın halları göstərilib. Təqdim olunmuş sənədlər qanunvericiliyin tələblərinə cavab vermədikdə, məlumatlar yanlış olduqda, tələb olunan minimum nizamnamə kapitalının ödənilməsi və ya təsisçilərin əmlak haqlarının formalaşdırılması barədə bank sənədi təqdim edilmədikdə, inzibatçılar peşə yararlılığı tələblərinə cavab vermədikdə, onların qəsdən törədilmiş cinayətlərə görə məhkumluğu olduqda Mərkəzi Bank lisenziya verilməsindən imtina edə bilər. Mərkəzi Bank imtinanın səbəblərini göstərməklə müraciət edənə yazılı məlumat verməlidir. Təbii ki, müraciət edən lisenziyanın verilməsindən imtina barədə Mərkəzi Bankın qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər.

HANSI BOKT-LƏRƏ FİLİAL AÇMAQ SU İÇMƏK KİMİ ASAN OLACAQ?

Qanunda BOKT-nin filial açması qaydaları asanlaşdırılıb. Belə ki, girov əmanəti qəbul etmək huququ olmayan BOKT-nin filialı əvvəlcədən Mərkəzi Banka yazılı məlumat verilməklə açıla bilər. Bu halda BOKT öz filialının və ya nümayəndəliyinin açılması barədə qərarın qəbul edildiyi gündən sonra 5 iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verməlidir. Məlumatda qərarı qəbul edən idarəetmə orqanının adı, qərarın tarixi və nömrəsi, açılan filialın adı, ünvanı və rəhbərləri (ixtisası və iş təcrübələri) barədə informasiya əks olunmalıdır. Artıq həmin növ BOKT-lər üçün Mərkəzi Bankdan hər hansı icazə almağa ehtiyac yoxdur.

Girov əmanəti qəbul etmək hüqüqu olan BOKT isə filialının açılmasına icazənin alınması üçün Mərkəzi Banka aşağıdakı sənədləri təqdim etməlidir:

  • BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə;
  • Filialın açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı;
  • Filialın əsasnaməsi;
  • filialın inzibatçılarının təyin edilməsi haqqında BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı, onların peşə yararlılığı, qəsdən törədilmiş cinayətlərə gorə məhkumluqlarının olmaması haqqında məlumat (məlumatı BOKT-nin rəhbəri imzalamalıdır).

Qeyd edək ki, filialın açılmasına icazənin alınması üçün muraciətə Mərkəzi Bank tərəfindən 20 gün müddətində baxılır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda Mərkəzi Bank onların aradan qaldırılması barədə ərizə qəbul edildikdən sonra 5 iş günündən gec olmayaraq müraciət edənə yazılı bildiriş göndərməlidir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mərkəzi Bank 10 iş günü muddətində sənədlərə baxıb müvafiq qərar qəbul etməlidir.

BOKT-LƏR HANSI DƏYİŞİKLİKLƏRİ MƏRKƏZİ BANKA BİLDİRMƏLİDİR?

Qeyd edək ki, qanuna əsasən, Mərkəzi Bank BOKT-lərin, onların filiallarının və numayəndəliklərinin ictimaiyyət üçün açıq olan vahid reyestrini tərtib edir. Reyestrdə BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, onların filial və numayəndəlikləri haqqında məlumatlar qeydə alınır. Mərkəzi Bank məlumatları aldıqdan sonra 3 iş günü müddətində reyestrə daxil edilir. BOKT reyestrə daxil edilmiş məlumatda, habelə təsis sənədlərində (nizamnamədə, əsasnamədə) dəyişikliklər barədə Mərkəzi Banka 5 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Bundan əlavə, BOKT-yə yeni inzibatçı təyin edildikdə bildirişə həmin şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verməsi barədə məlumat daxil edilməlidir.

BOKT-LƏRƏ HANSI FƏALİYYƏTLƏRİ HƏYATA KEÇİRMƏK İCAZƏSİ VERİLİB?

BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız

kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər. Qeyd etdiyimiz kimi, girov əmanəti yalnız Mərkəzi Bankın BOKT-yə verdiyi lisenziyada bu barədə xususi icazə olduqda qəbul edilə bilər.

Yeni qanunda kreditlərin verilməsi üçün lisenziya almış BOKT-lərin fəaliyyət növləri genişləndirilib. Bu fəaliyyətlərə aşağıdakılar aiddir:

  • Borc öhdəliklərinin alqı-satqısı (faktorinq, forfeytinq);
  • Lizinq;
  • Veksellərin uçotu;
  • Qarantiyanın verilməsi;
  • Sığorta agenti xidmətinin göstərilməsi;
  • Borcalanlara, o cümlədən birgə borcalan qruplara maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi.

Qeyd edilən fəaliyyət növləri üçün qanunvericiliklə lisenziyanın alınması tələb olunduqda BOKT həmin fəaliyyət növləri ilə aidiyyətli dovlət orqanından lisenziya aldıqdan sonra məşğul ola bilər.

BOKT-LƏR HANSI GƏLİRLƏRİ ÖLKƏDƏN KƏNARA ÇIXARA BİLMƏZ?

Qanuna əsasən, BOKT-nin maliyyələşdirilmə mənbələri dedikdə, nizamnamə kapitalı, əldə edilmiş gəlirlər, cəlb edilmiş kreditlər, fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər və qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər başa düşülür. Qanuna əsasən, BOKT-lərə vəsaitlərini xaricə çıxarmaqla bağlı məhdudiyyətlər qoyulub. Belə ki, BOKT-lər beynəlxalq təşkilatlar, xarici ölkələrin hökumətləri və digər donorlar tərəfindən əvəzsiz olaraq aldığı vəsaitləri, habelə onlardan əldə olunan gəlirləri Azərbaycandan kənara çıxara bilməzlər.

KREDİT MÜQAVİLƏSİNDƏ NƏLƏR OLMASA, BOKT ZƏRƏRƏ DÜŞƏR?

BOKT ilə borcalan arasında bağlanılan kredit müqaviləsində qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, ən azı aşağıdakılar öz əksini tapmalıdır (Qeyd edək ki, bu şərtlər BOKT-lərin qanun quvvəyə mindikdən sonra bağladıqları kredit muqavilələrinə şamil olunur):

  • Tərəflərin adları və hüquqi unvanları;
  • Kreditin məqsədi;
  • Kreditin məbləği;
  • Kreditin qaytarılma muddəti;
  • Kreditin qaytarılma usulu;
  • Təminatın forması (təminatlı kredit verildikdə);
  • Kredit üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin məbləği (illik faiz dərəcəsi kreditin qaytarılma muddətindən asılı olmayaraq göstərilməlidir);
  • Kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər aylıq ödənişlər formasında ödənilməsi nəzərdə tutulduqda, kreditdən istifadə edilən myddət ərzində orta hesabla ödəniləcək həqiqi faiz dərəcəsi;
  • Tərəflərin məsuliyyəti.

Qeyd edək ki, kredit müqaviləsi yazılı formada ən azı iki nüsxə tərtib olunmalıdır. Bir nüsxə borcalana verilir, digər nüsxələr isə BOKT tərəfindən kreditin rəsmiləşdirilməsinə dair sənədlər toplusuna əlavə edilir. Birgə borcalanlar qrupu ilə bağlanılan kredit müqaviləsində qrupun bütün üzvləri barədə məlumatlar (adları, hüquqi ünvanları və s.) əks olunmalıdır. Birgə borcalanlar qrupunun hər bir üzvü üçün ayrıca nüsxə tərtib edilərək onlara təqdim olunmalıdır. Borcalan qeyd edilən şərtlərin kredit müqaviləsində əks etdirilməməsi nəticəsində ona dəyən zərərin ödənilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada BOKT-dən tələb edə bilər.

QANUNDA YENİ ANLAYIŞ. GİROV ƏMANƏTİ NƏ DEMƏKDİR?

Qanunun yeniliyi ondan ibarətdir ki, artıq BOKT-lər verdiyi kreditin girov əmanəti ilə təmin edilməsi mümükündür. Girov əmanətinin məbləği təmin olunan əsas borcun qalığı və ona hesablanacaq faizlərdən, müddəti isə kreditin müddətindən artıq ola bilməz. Müştəri tərəfindən girov əmanəti nağd və ya nağdsız qaydada BOKT-yə ödənilir. Qanuna əsasən, BOKT girov əmanət üçün ona xidmət gostərən bankda (banklarda) bu əmanətlər üçün açılmış xüsusi hesabda (hesablarda) 2 iş günü ərzində yerləşdirilir. Bundan əlavə, BOKT qəbul etdiyi hər bir girov əmanətinin fərdi uçotunu aparmalıdır. Uçot məlumatları borcalanı (birgə borcalanlar qrupunu) və girov əmanəti ilə təmin edilmiş krediti tam eyniləşdirməyə imkan verməlidir. Girov əmanəti kredit tam ödənildikdə və ya kredit müqaviləsi ilə müəyyən edilmiş digər hallarda borcalanın müraciət etdiyi gündən ən geci 2 iş günü müddətində BOKT tərəfindən borcalana (birgə borcalanlar qrupuna) qaytarılır. BOKT kredit müqaviləsi ilə nəzərdə tutulan hallarda girov əmanəti üzrə hesablanmış faizlər ödəməlidir. Bundan əlavə, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda, borcalan (birgə borcalanlar qrupu) kredit üzrə borcu (əsas borc, faizlər, cərimə) ödəyə bilmədikdə BOKT həmin borcu mübahisəsiz (akseptsiz) qaydada girov əmanəti hesabından tuta bilər.

Girov əmanəti üzrə də müəyyən qadağalar mövcuddur. Belə ki, BOKT girov əmanəti hesablarında yerləşdirdiyi vəsaitdən kreditlər verə və digər maliyyə xidmətləri göstərə bilməz. Girov əmanətinin yerləşdirildiyi hesabdan YALNIZ aşağıdakı hallarda istifadə oluna bilər:

  • Dövlət qiymətli kağızları və Mərkəzi Bankın qiymətli kağızları alındıqda (Təbii ki, girov əmanətinin geri qaytarılması qaydalarına riayət edilməklə);
  • Kredit müqaviləsində nəzərdə tutularsa, müştərinin borcunun silinməsi halında.

Qeyd edək ki, girov əmanəti ilə bağlı Mərkəzi Bankın prudensial normativlər və tələblər işləyəcəyi gözlənilir. Həmin prosedur qaydalarda qəbul edilmiş girov əmanətlərinin BOKT-nin kapitalına olan nisbəti müəyyənləşdiriləcək. Bundan əlavə, Mərkəzi Bank borcalana verilən kreditin maksimum miqdarı, aidiyyətli şəxslərə verilən kreditlərin maksimum məbləği və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələblər kimi qaydalar da işləyib hazırlayacaq.

MALİYYƏ ŞƏFFAFLIĞI İLƏ BAĞLI HANSI TƏLƏBLƏR QOYULUB?

BOKT “Mühasibat uçotu haqqında” Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını tərtib etməlidir. Bundan əlavə, maliyyə ili qurtardıqdan sonra ən geci 5 ay muddətində kənar auditor tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatını Mərkəzi Banka təqdim etməli və onu kütləvi informasiya vasitələrində dərc etdirməlidir. Həmçinin, BOKT hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankda yaradılmış Mərkəzləşdirilmiş kredit reyestrinə göndərməlidir.

10 GÜNƏ HESABAT?

Mərkəzi Bank BOKT-nin fəaliyyəti barədə prudensial tələblərə dair hesabat formaları hazırlayacaq. BOKT həmin hesabatları hesabat rübü başa çatdıqdan sonra 10 gündən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir. Qeyd edək ki, hesabatların təqdim edilməsi ilə bağlı qoyulan 10 günlük müddət ekspertlər tərəfindən heç də birmənalı qarşılanmır. Adətən, vergi, sosial və digər dövlət orqanlarına hesabatların təqdim edilməsi üçün 20 günlük müddət müəyyən olunur. İlin sonuncu rübündən sonra, yəni yanvarın ilk ongünlüyündə cəmi 3 və ya 5 iş günü olur. BOKT-lərin qeyd edilən müddət ərzində hesabatları düzgün hazırlayacağı qeyri-real görünür. Fikrimizcə, həmin müddəti 10 iş günü və ya 20 təqvim günü ilə əvəz etmək daha düzgün olardı.

Qeyd edək ki, təqdim edilən hesabatlarda bu qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinin pozulması halları aşkara çıxarıldıqda və ya bu cür pozuntulara səbəb ola biləcək faktlar məlum olduqda Mərkəzi Bank onların aradan qaldırılması barədə BOKT-yə xəbərdarlıq məktubu göndərir. Məktubda BOKT tərəfindən yol verilmiş pozuntuların (nöqsanların) və ya bu cür pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması üçün həyata keçirilməli tədbirlər və onların yerinə yetirilməsi müddəti göstərilir. BOKT xəbərdarlıq məktubunda muəyyən olunan vaxt ərzində göstərilmiş tədbirlərin həyata keçirilməsi barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. Mərkəzi Bank tərəfindən muəyyən olunmuş vaxt ərzində tədbirlər tam və ya tələblərə uyğun şəkildə həyata keçirilmədikdə Mərkəzi Bank BOKT-yə ikinci xəbərdarlıq məktubu göndərir. Məktubda müvafiq tədbirlərin müəyyən olunmuş vaxt ərzində həyata keçirilməyəcəyi təqdirdə lisenziyanın ləğv olunacağı bildirilir.

Hesabat məlumatlarının dəqiqləşdirilməsinə zərurət yarandıqda Mərkəzi Bank BOKT-nin fəaliyyətini 10 gün əvvəlcədən ona yazılı bildiriş göndərməklə yoxlaya bilər. Bu halda Mərkəzi Bankın inspektorları yoxlama vəsiqəsini təqdim etməklə BOKT-yə daxil olmaq, onların hesabatlarını, mühasibat kitablarını, sənədlərini və digər uçot yazılarını yoxlamaq, habelə onlara dair izahat tələb etmək huququna malikdirlər.

HANSI HALLARDA LİSENZİYA VƏ İCAZƏLƏR LƏĞV EDİLƏ BİLƏR?

Mərkəzi Bank BOKT-nin lisenziyasını və ya filiallara verilmiş icazələri aşağıdakı hallarda ləğv etmək səlahiyyətinə malikdir:

  • BOKT tərəfindən müvafiq ərizə təqdim edildikdə;
  • Lisenziya və ya icazə almaq üçün BOKT tərəfindən təqdim edilmiş məlumatların yanlış olduğu aşkar edildikdə;
  •  BOKT və ya onun filialı lisenziyanın və ya icazənin qüvvəyə mindiyi gündən sonra on iki ay müddətində fəaliyyətə başlamadıqda;
  • Pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə;
  • Tələb olunan hesabatları ardıcıl olaraq iki hesabat tarixinə Mərkəzi Banka təqdim etmədikdə və ya təhrif olunmuş hesabat verdikdə;
  • Bu qanunla nəzərdə tutulmamış və ya lisenziyasında qadağan edilmiş fəaliyyəti həyata keçirdikdə;
  • Qanunvericiliyə müvafiq olaraq BOKT ləğv olunduqda və ya müflis elan edildikdə.

Mərkəzi Bankın lisenziyanın ləğv edilməsi haqqında qərarı dərhal BOKT-yə, qərarın qüvvəyə mindiyi gündən sonra 5 iş günündən gec olmayaraq isə müvafiq vergi orqanına gondərilir və habelə kütləvi informasiya vasitələrində dərc edilir. Mərkəzi Bankın BOKT-nin filialına verilmiş icazənin ləğvinə dair qərarı barədə bildiriş isə qərar qüvvəyə minəndən sonra 3 iş günü müddətində BOKT-yə gondərilməlidir. Lisenziyanın ləğv edilməsi haqqında qərarda başqa müddət nəzərdə tutulmadıqda, qərar kütləvi informasiya vasitələrində dərc edildiyi gündən qüvvəyə minir. BOKT lisenziyanın ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

Təbii ki, BOKT lisenziyasının ləğv edilməsi haqqında Mərkəzi Bankın qərarından qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verə bilər. Şikayətin verilməsi Mərkəzi Bankın muvafiq qərarının icrasını dayandırmır.

Göründüyü kimi qanunda BOKT-lərin fəaliyyətə başlamasından tutumuş ləğv olunmasına qədər bütün detallara aydınlıq gətirilib, əvvəlki dövrlə müqayisədə onların normal işləməsi üçün, xırda nöqsanları nəzər almasaq, təkmil hüquqi baza forrmalaşdırılıb. Fikrimizcə, bütün bunlar BÖKT-lərin bundan sonrakı fəaliyyətlərini səmərəli qurmaq yolunda bir stimul olacaq, onların faydalı iş əmsalını artıracaq.

Son xəbərlər
Digər xəbərlər