“Bank Respublika” ASC-nin kredit portfeli 2026-cı il iyunun 30-na ilin əvvəli ilə müqayisədə 2,9% və ya 48,0 milyon manat artaraq 1 milyard 701,6 milyon manata çatıb.
Banker.az xəbər verir ki, mümkün zərərlər üçün yaradılmış 12 milyon manatlıq ehtiyat çıxıldıqdan sonra bankın xalis kredit portfeli 1 milyard 689,6 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 2,8% çoxdur.
Kredit portfelinin strukturunda ən böyük pay 777,5 milyon manatla biznes kreditlərinə məxsus olub. İstehlak kreditləri 395,2 milyon manat, daşınmaz əmlak kreditləri 175,5 milyon manat, digər kreditlər isə 353,4 milyon manat təşkil edib. Biznes kreditlərinin həcmi portfelin təxminən 45,7%-ni formalaşdırıb.
Bank kredit portfelinin genişlənməsi fonunda faiz gəlirlərini də artırıb. Hesabat dövründə müştərilərə verilmiş kreditlərdən əldə olunan faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% və ya 15,8 milyon manat artaraq 139,8 milyon manata yüksəlib. Bu gəlirlər bankın ümumi faiz gəlirlərinin 87,8%-ni təşkil edib.
Ümumilikdə bankın faiz gəlirləri illik müqayisədə 14,7% artaraq 159,2 milyon manata çatıb. Kreditlərdən əldə olunan gəlirlərlə yanaşı, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 27,9% artaraq 9,2 milyon manata, banklar və digər maliyyə institutlarına verilmiş kreditlər üzrə faiz gəlirləri isə 2,2 dəfə artaraq 3,1 milyon manata yüksəlib. Nəticədə “Bank Respublika” ilk yarımili 34,5 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,7% çoxdur.







