6 C
Baku
Sunday, December 15, 2024

Bank sektorunda müəmma, nə baş verir?

Son bir ayda Azərbaycan Mərkəzi Bankının çıxardığı qərarlar bank sektoruna ciddi təsirlər göstərir. Xüsusilə, manatın  devalvasiyasına gedilməsi maliyyə bazarının çöküşünə səbəb oldu, banklar müflisləşdi. Mərkəzi Bankın isə iki həftə ərzində 6 bankın bağlanması haqqında qərar çıxarması ilə sanki odun üstünə benzin tökdü. Əlbəttə, bundan sonra əhalinin bank sektoruna inamını bərpa etmək üçün zaman lazım olacaq.

Kiçik banklar isə vəziyyətdən çıxmaq üçün digər banklarla birləşmək üçün danışıqlar aparmağa başladılar. Bir neçə bankın konsolidasiyası məsələsi gündəmə gəlsə də, sonradan naməlum səbəbdən banklar bu prosesdən imtina etdilər. Bildirdilər ki, bununla bağlı hələ ki, müzakirələr aparılır, daha əlverişli şərtləri incələyirlər.
Mərkəzi Bankın sədri Elman Rüstəmov da bildirdi ki, bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb. Maraqlıdır ki, baş bankir proses başlamadan artıq yekunlaşmasını bəyan etdi.
“Altı bankın lisenziyası ləğv olunub. Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız “AGBank” kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq”, – deyə baş bankir “APA”ya bildirib.
Qeyd edək ki, bəzi ekspertlər bankların bağlanması haqqında qərarların belə sürətlə çıxarılmasının səbəbini “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinin Milli Məclisə göndərilməsi ilə əlaqələndirirlər. Onların fikrincə, qanun qəbul olunan kimi Mərkəzi Bank bankların lisenziyalarına daha tez baxacaq ki, daha az əmanət geri qaytara bilsin. Əks təqdirdə, bu, Əmanətlərin Sığortalanması Fonduna ağır yük ola bilər. Necə ki, qurum indi 6 bank üzrə əmanətləri geri qaytarmaq üçün maliyyə problemi ilə üzləşib.
Digər tərəfdən əhalinin bank sektoruna inamını qaytarmaq üçün sözügedən qanun layihəsinin qəbulu vacib sayıldı. Hətta hökumət buna o qədər qərarlı göründü ki, yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası çağırılaraq, birinci oxunuşdan keçdi. Bundan sonra qanunun fevral ayında qəbul ediləcəyi düşünülsə də, lakin proses bir aydan çoxdur ki, yubadılır.
“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsinə görə, bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq lisenziyaya malik banklar tərəfindən 3 il müddətinə tam sığortalanacaq. İndiki halda yalnız 30 min manata qədər əmanətlər sığortalanır. Mövcud qanuna əsasən isə, vətəndaşların banklardakı maksimum 30 min manata qədər əmanətləri qorunur.
Artıq bankların həm konsolidasiya, həm də bağlanmaq məsələsi ətrafında gedən proseslər səngidiyindən, həmin qanun layihəsinin qəbul edilməyəcəyi barədə fikirlər səslənir.

Samir Əliyev: “Yaxın dövrdə hansısa bankın bağlanması gözlənilmir”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, gələn aydan bank sektoruna daha güclü nəzarət edəcək qurum fəaliyyət göstərəcək. O

samir aliyev
Samir Əliyev

zaman prosesdən yayınmağa çalışan kiçik bankları daha ciddi sınaqlar gözləyir: “Prezidentin fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Çox güman ki, ya mart, ya da aprel ayından fəaliyyətə başlayacaq. Bundan sonra bankların tənzimlənmə işi həmin Palatanın öhdəliyinə keçəcək və Azərbaycan Mərkəzi Bankı hansısa bankın bağlanması funksiyasını icra etməyəcək”.

Ekspert hesab edir ki, yaxın dövrdə hansısa bankın bağlanması gözlənilmir: “Daha sonrakı dövrdə bu iş palata tərəfindən həyata keçiriləcək. Konsolidasiya məsələsinə gəlincə, bu istiqamətdə təşəbbüslər olsa da, hələ ki, birləşmə məsələsi baş verməyib. Baxmayaraq ki, niyyət protokolu da imzalanıb, amma reallaşmayıb. Düşünürəm ki, bunun bir hissəsi vaxt udmaq məqsədi daşıyır. Banklar birləşmək məsələsini ortaya atır ki, Mərkəzi Bank lisenziyanı geri almasın, bununla vaxt qazanmaq  istəyirlər. “AGBank”ın timsalında təcrübə göstərdi ki, birləşməklə bağlı tez-tez dəyişiklik edirlər.
“Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə minənədək Mərkəzi Bank bankların bağlanma prosesini başa çatdırmalı idi. İlkin olaraq bir neçə bankı bağladıqdan sonra bu məsələni dayandırdı. Təbii ki, prosesin dayandırılmasının obyektiv və subyektiv səbəbləri var. Elman Rüstəmov konsalidasiya prosesinin başa çatdığını söyləməsi bu sektorda ciddi dəyişikliyin olmayacağı anlamına gəlir. Ən yaxşı halda, niyyət protokolu imzalamış bankların birləşməsindən söhbət gedə bilər. Çox güman ki, yaxın aylarda bu proses sabitləşəcək”.
Lakin S.Əliyev bankların bağlanması prosesinin davam edəcəyini düşünür: “Gələcəkdə bankların bağlanması prosesinin davam edəcəyini istisna etmirəm. Doğrudur, bu günkü vəziyyəti analiz etdikdə hökumətin prosesi dayandırdığını demək olar. Ancaq vəziyyət pisləşsə, bu zaman adını çəkdiyim Palata oxşar addımı ata bilər. “Texnikabank” Azərbaycan Mərkəzi Bankı tərəfindən bağlanan sonuncu bank olacaq”.
S.Əliyevin sözlərinə görə, Azərbaycanda konsolidasiya könüllü olaraq baş vermir: “Ancaq məcburiyyət qarşısında atılır. Mərkəzi Bankla müqayisədə yeni Palatanın banklara münasibəti daha sərt olacaq. Hər iki qurum arasında qarşılıqlı nəzarət olacaq. Bankların tənzimlənmə funksiyası Palatada olduğuna görə, yeni qurum prosesə daha sərt yanaşa bilər. Ona görə də bir müddətdən sonra konsoliydasiya və lisenziyaların ləğvi məsələsi yenidən gündəmə gələ bilər. Doğrudur, bu zaman indiki kimi birdən-birə deyil, mərhələli-mərhələli həyata keçirilə bilər. Biz bankların sayının azaldılmasının tərəfdarı olsaq da, Mərkəzi Bank kimi bir həftədə bir neçəsinin bağlanmasının əleyhinə olmuşuq. Amma onların güclənməsi üçün bağlanmaqdan çox, konsolidasiya təşəbbüsləri davam etdirilməli və reallaşdırılmalıdır. Çünki bağlanma baş verəndə bank sektoruna inam itir, əmanətlərin geri alınmasına problemlər yaşanır. Birləşmə olanda həm əmanətçilər narahatlıq yaşamır, həm də banklar güc mərkəzinə çevrilir, bazarda daha güclü rəqabət yaranır. Təəssüf ki, Azərbaycanda birləşmə prosesi çox çətin olur. Bunun da özünün obyektiv və subyektiv səbəbləri olur”.
Bizim Yol
Son xəbərlər
Digər xəbərlər