13 C
Baku
Friday, April 19, 2024

Bank Standard-ın İdarə Heyətinin üzvü məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Cahangir Axundov bildirib ki, hazırda “Beynəlxalq Bank”da çalışır. 2010-cu ilədək “Bank Standard” QSC-nin İdarə Heyətinin üzvü olub: “Emin Quliyev bankdan müəyyən məbləğlərdə kredit götürüb. Kreditin şərtləri barədə məlumatım olmayıb. Emin Quliyev bəzi hallarda faizləri ödəmirdi, müəyyən gecikmələr olurdu”.

Ramin Hacıyev isə ifadəsində deyib ki, 2007-ci ildən “Bank Standard” QSC-də baş mütəxəssis vəzifəsində çalışıb. O deyib ki, E. Quliyevin rəhbəri olduğu şirkətə zavod tikintisi üçün kredit verilib: “Mənim dövrümdə ona 591 min manat məbləğində kredit verilib. Sonra devalivasiya oldu və kreditin faizlərinin ödənişində problem yarandı. Ancaq faiz şəklində banka 541 min manat məbləğində pul ödənilib”.

Proses iyunun 13-də davam etdiriləcək.

Qeyd edək ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.

Bundan başqa, E.Quliyev S.Klimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı bir girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuş və həmin məbləği S.Krimanla öz aralarında bölüb.

E.Quliyevin qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər