“Bank Standard“ ASC “Microsoft Enterprise Agreement” proqramı çərçivəsində “Microsoft” Korporasiyası ilə uzunmüddətli əməkdaşlığa dair saziş imzalayıb. Müqavilənin şərtlərinə əsasən, “Bank Standard”ın bütün kompüterləri “Windows 7” əməliyyat sistemi ilə təchiz olunacaq.
“Biz “Microsoft” korporasiyası ilə 2007-ci ildən etibarən əməkdaşlıq edirik. Elə həmin ildən başlayaraq biz OLP proqramı üzrə öz kompüter parkımızın lisenziyalaşdırılmasına başlamışıq ki, o vaxt kompüterlərimizin sayı 250-dən artıq deyil idi. Bu gün “Bank Standard”ın texnoparkındakı kompüterlərin sayı əvvəlki saydan dəfələrlə çoxdur.
“Microsoft”un 2014-cü ilin aprel ayında “Windows XP” əməliyyat sisteminin dəstəklənməsini dayandıracağını nəzərə alsaq, biz cari il ərzində “Windows 7 Professional” əməliyyat sisteminə keçidi planlaşdırırıq. “Enterprise Agreement” proqramı vasitəsilə bank üçün əlverişli sayılan lisenziyalaşdırma bir sıra imkan yaradır:
- 3 il möhləti ilə ödəniş etmək;
- 24/7 prinsipi ilə texniki xidmətdən yararlanmaq;
- “Microsoft”un (“Software Assurance”) son məhsullarını istifadə etmək;
- “Software Assurance” çərçivəsində müqavilədə müəyyən edilmiş qiymətlərlə əlavə lisenziyalar əldə etmək;
- proqram təminatı və lisenziyalarla bağlı cari məsrəfləri (TCO) azaltmaq;
- sertifikatlaşmış tədris mərkəzində ödənişsiz təlim keçmək;”
- “Microsoft Service Planning” – “Microsoft”un müxtəlif həllərinin planlaşdırılması və tətbiqi xidmətlərinin göstərilməsi.
Hazırda bankda həm daxili istifadəçilərə, həm də müştərilərə xidmət göstərən 200-dən artıq İT-servis (İT-xidmətlər) mövcuddur və biz fasiləsiz və yüksək keyfiyyətli işin təminatçısıyıq. Lisenziyalaşdırılmış əməliyyat sistemi bizə əməliyyat sisteminin vendorları tərəfindən lazımi texniki dəstəyin alınmasına imkan yaradır və bununla da bank üçün kritik olan servislərin dayanma vaxtını azaldır, bu da, öz növbəsində, müştərilərin loyallığını artırır”, – deyə “Bank Standard”ın İnformasiya texnilogiyaları Departamentinin direktoru Fərid Zeynalov bildirib..
“Sözügedən sazişin imzalanması qanunvericiliyin və müəllif hüquqlarının normalarına tam olaraq cavab verir və bankın İT infrastrukturunun standartlaşdırılmasına imkan yaradır, eyni zamanda, gələcəkdə çoxmərhələli əməkdaşlığın perspektivlərini üzə çıxarır.”, – deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib.