5 C
Baku
Saturday, December 14, 2024

“Bank VTB Azərbaycan” daha da böyüyüb, mənfəət əldə edib

“Bank VTB Azərbaycan” ASC bu ilin III rübünü 3 milyon 921 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 2 milyon 585 min manat təşkil edib. Belə ki, bankın mənfəəti 52% və ya 1.5 dəfə artıb.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-sentyabr aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 17 milyon 653 min manat (illik müqayisədə 2 dəfə çox), xərcləri 18 milyon 439 min manat (28.5% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 5 milyon 482 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

BANK DAHA DA BÖYÜYÜB

Bu il oktyabrın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 206 milyon 152 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 10 % çoxdur. 2020-ci ilin sonunda bankın aktivləri 187 milyon 341 min manat təşkil edib.

KREDİT PORTFELİ ARTIB

Aktivlərinin 147 milyon 175 min manatı müştərilərə verilmiş  kreditlərdir. Son 9 ayda Bankın kredit portfeli 17% böyüyüb. Müştərilərə verilmiş istehlak kreditləri 20 milyon 885 min manatdan 42 milyon 773 min manata, daşınmaz əmlak kreditləri 22 milyon 613 min manatdan 27 milyon 987 min manata çatıb, biznes kreditləri isə 82 milyon 371min manatdan 76 milyon 416 min manata düşüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 12% artaraq 137 milyon 775 min manata, o cümlədən depozit portfeli 15% artaraq 86 milyon 539 min manata çatıb. Fiziki şəxslərin depozitləri 45 milyon 919 min manat, hüquqi şəxslərin depozitləri isə 40 milyon 620 min manat təşkil edib.

KAPİTALI ARTIB

Cari ilin 3-cü rübündə bankın kapitalı 7% artaraq 68 milyon 376 min manat olub. Ötən ilin sonunda “Bank VTB Azərbaycan”ın kapitalı 63 milyon 924 min manat təşkil edib.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər