Maliyyə savadlılığının yüksəldilməsi ilə əlaqədar şagird, müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi üçün bir sıra tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Banker.az xəbər verir ki, bu barədə Prezidentin Sərəncamı ilə təsdiq edilmiş Rəqəmsal Ödənişlərin İnkişafı Dövlət Proqramında deyilir.
“Ümumi təhsil pilləsində tədris edilən “Həyat bilgisi” fənninin tədrisi üçün dəstəkləyici vəsaitlər hazırlanacaq və bu fənni tədris edən müəllimlərə müvafiq təlimlər təşkil olunacaqdır.” – deyə Proqramda deyilir.
Eyni zamanda, ümumi təhsil pilləsində təhsil alan şagirdlər üçün təməl iqtisadi anlayışların mahiyyəti haqqında seminar və təlimlər keçiriləcəkdir. Bu tədbirlərdə rəqəmsal ödənişlər üzrə praktiki vərdişlərin aşılanmasına xüsusi önəm veriləcəkdir. Qeyri-iqtisadi profilli ixtisaslar üzrə iqtisadiyyat fənninin tədrisi üçün əlavə resurslar hazırlanaraq tələbə və müəllim heyətinin istifadəsinə veriləcəkdir. Həmin resurslar rəqəmsal ödənişlərlə bağlı mövzuları əhatə edəcəkdir. Əlavə olaraq, bu ixtisaslar üzrə təhsil alan orta ixtisas təhsili və ali təhsil müəssisələrinin tələbələrinə rəqəmsal ödənişlər və onların üstünlüklərinə dair müxtəlif maarifləndirici seminar və təlimlər təşkil olunacaqdır.