13 C
Baku
Friday, April 19, 2024

Banka necə işə düzəlmək olar –kredit mütəxəssisi

Bank dünyadakı ən iri maliyyə sistemlərindən biridir. Bütün banklar, bu və ya digər dərəcədə bir-biri ilə bağlıdır. Baxmayaraq ki, fərqli ölkələrin valyutaları arasında böyük fərqlər vardır

Banklar bizə kredit götürmək, öz adımıza şəxsi hesab açmaq, əmanət yerləşdirmək, depozitlər üzərindən faiz qazanmaq, bank çıxarılışı almaq və s. imkanlar verir, bir sözlə onlar bizim maliyyə həyatımızla olduqca sıx təmasda olurlar. banklar olmadan valyutaların nə tənzimlənməsi, nə də investisiya edilməsi mümkün olmazdı, nə də bu və ya digər dünya valyutasının artım və ya enişini savadlı şəkildə müəyyən etmək mümkün olmazdı.

Öz mahiyyəti etibarı ilə bankı hökumətin pulları, ölkə iqtisadiyyatı və siravi əhalinin pulları arasında fəaliyyət göstərən vasitəçi də adlandırmaq olar. Əgər söhbət maliyyədən gedərsə biz həmişə banka müraciət edə bilər və orada bizə lazımı səviyyədə köməklik göstərərlər. Bəzi banklar dövlət, digər banklar isə özəl (kommersiya) bankları olur. Azərbaycanda hazırda yeganə dövlət bankı Beynəlxalq bankdır.

İstənilən halda onlar eyni funksiyanı yerinə yetirir, ən yaxşı halda bir-birindən depozitlərə görə verilən faizlər və eləcə də kreditlərə görə alınan faizlərin həcminə görə fərqlənirlər.

Bizim ölkəmizdə də gələcəyini maliyyə sahəsində və eləcə də bankda görək istəyən tələbələr çoxluq təşkil edir. Hər il iqtisadiyyat fakültəsinə oxumaq üçün minlərlə abituriyent sənəd verir.

Əlbəttə bankda işləmək perspektivlidir, amma nəzərə alsaq ki, hazırda iqtisadçıların sayı onsuz da çoxdur, banklarda isə o  qədər də uyğun vakansiyalar yoxdur. Yaxşı və yüksək əməkhaqqısı olan vəzifələr isə artıq məşğuldur, yəni başqalarına məxsusdur. Amma yenə də işləmək lazımdır, çünki pul göydən tökülmür.

Bəs banka necə işə düzəlmək olar?

Bütün banklar sizdən ali təhsil (əksər hallarda ali iqtisadi) haqqında sənəd, diplom tələb edəcəklər. Amma təəssüf ki (bəlkə də yaxşı ki), bu gün diplom hər şeyi həll etmir. Ola bilsin ki, tələbə universitetdə sadəcə «günün yubadıb», diplomu isə elə belə, «hədiyyə»  kimi alıb. Amma doğrudan da istedadlı bank işçisi ola biləcək bir şəxs təsadüfən hər hansı bir səhvə yol verib ya da öz qəddar müəllimləri tərəfindən «əzilib».
Banklarda işə qəbul adətən bir-neçə mərhələli şəkildə aparılır. Bura CV, İQ test, müsahibə və sınaq müddəti mərhələlərini aid etmək olar.

Hər şey CV-dən başlayır. CV-niz üzərində nə qədər çox çalışsanız (yəni zəngin təcrübəyə) malik olsanız, ikinci mərhələyə keçmək şansınız bir o qədər çox olur. Sizi dəvət etmələri üçün ilk növbədə CV-inizi bəyənməlidirlər. Sanki o sizin vizit kartınız rolunu oynayır.

Rezumeni cəlbedici etməyin yolları    Rezume (CV) tərtibatında səhvlərdən necə yayınmalı

İkinci mərhələ İQ testidir. Maraqlıdır ki, bankların HR departamentləri hansı vəzifədə çalışmaq istədiyindən asılı olmayaraq hamını bu İQ testlərə məruz qoyur və yüksək nəticə tələb edirlər. İqtisadi və riyazi qabiliyyəti olan şəxslər təbii ki, bu testlərin öhdəsindən asanlıqla gəlməlidir (amma bankda elə vəzifələr də var ki, bu qabiliyyətin olmasını tələb etmir).

İstənilən halda bankda işləmək istəyirsinizsə özünüzü bu test mərhələsinə də hazırlayın. Sürətli həll etmə vərdişlərini özünüzdə formalaşdırın.   Əgər kifayət qədər bacarıqlı olsanız artıq növbəti mərhələdə özünüzü görə biləcəksiniz.

Müsahibə

İlk növbədə öz intellektual – qabiliyyətlərinizi büruzə verin, yəni nəzərə alın ki, sizə peşəniz və müraciət etdiyiniz vakansiya ilə bağlı suallar verəcəklər. Bankların sizi seçməsi üçün bir səbəb olmalıdır. “Sizcə, biz nəyə görə sizi seçməliyik” sualına inandırıcı və real bir cavab hazırlayın. Bu cavaba həm siz özünüz inanmalı, həm də qarşı tərəfə bu inamı ötürməlisiniz. Bayağı, formal, pafoslu fikirlərdən uzaq olun. Digərlərindən sizi üstün edən məqamları göstərin.

Müsahibədə  – özünü sakit, rahat, savadlı, özünəinamlı aparmaq lazımdır. Unutmayın ki, sizi tələyə sala biləcək, ikili məna daşıyan, məkrli suallar veriləcək. Hər bir suala hazır olun. Onlara qarşı, qısa, səlis, konkret cavablar hazırlayın.

Siz suallara həddindən artıq ağıllı şəkildə cavab verməklər, gələcəkdə sizin həmkarınız ola biləcək şəxsləri çətin vəziyyətdə qoya bilərsiniz. Məhz bu tip fərasətli insanlar işə ilk növbədə götürülür, qalanları qoy gözləsin. Özəl (kommersiya) bankında işə düzəlmək daha yaxşıdır, burada çox güman ki, əməkhaqqı da daha yüksək və rəhbərlik də çox güman ki, daha mülayimdir.

HRQU

Sizin müştəri ilə  nə dərəcədə savadlı danışığınızda və rəftarınızdan asılı olaraq, bank həmin müştərini qazanır, ya itirir. Müsahibədən sonra isə sizi sınaq müddəti gözləyir. Sınaq müddətini uğurla başa vuran namizədlər işə qəbul olunur.

Hal-hazırda banklarımızda ən çox rast gələnin vakansiya “Kredit mütəxəssisi”  vəzifəsidir. Bunun səbəbi bankların kreditləşmə prosesini genişləndirməyə meylli olması, həmçinin məhz kredit mütəxəssisi vasitəsi ilə yeni müştərilərin banka cəlb edilməsidir.

Müsahibədə verilən tapmaca suallar və cavabları     İş müsahibəsində nə haqda sussan yaxşıdır

Bəs kredit mütəxəssisi necə olmalıdır?

Kredit mütəxəssisləri bilavasitə bankın müştəriləri ilə işləyir və ona görə də müəyyən mənada onlar təmsil etdiyi şirkətin və ya bankın “siması” hesab olunurlar. Bu səbəbdən də, banklar bu vakansiyaya seçim edərkən,  həm namizədin  peşəkarlıq xüsusiyyətlərinə, həm də onun xarici görünüşümə fikir verirlər. Yəni namizədlər peşəkar olmaqla yanaşı, həm də müştərilərdə bu assosiasiyanı oyatmalıdırlar.

Kredit işçisinin vəzifələrinə aşağıdakıları aid etmək olar:

– Kredit işçisi yeni müştərilər cəlb edir;
– Müştərinin kredit almaq üçün müraciətinin yaxşı düşünülmüş və əsaslandırılmış olduğunu müəyyənləşdirir;
– Müştəri ilə elə işləyir ki, onun həyatı və ticarətində baş vermiş istənilən dəyişikliklərdən xəbərdar olsun;
– Borclunun maliyyə vəziyyətini yoxlayır;
– Kredit verilməsində Kredit işçisi məsuliyyətli kreditləndirmə prinsiplərini rəhbər tutur və həmişə çalışmalıdır ki, kredit müştəriyə yalnız müsbət dəyişikliklər gətirsin və ona əlavə yük təşkil etməsin;
– Kredit işçisi portfelin keyfiyyətini yüksək səviyyədə saxlamağa borcludur;
– Kredit işçisi müştərilər tərəfindən banka olan inam, hörmət və etibara xidmət etməli və müştərilərə zəmanət verməlidir ki, onların bütün şəxsi və maliyyə işləri ciddi məxfidir;
– Müştəriləri məlumatlandırıcı görüşlər, təlimlər keçirmək və digər üsullarla cəlb etmək;
– Potensial müştərilərin doğruluğu, məsuliyyəti, ödəmə qabiliyyəti, sahibkarlıq bacarıqları, ticarət aparma təcrübəsi, mülkiyyətə malik olmasının və onlar haqqında rəyləri tədqiqatlar, sorğular və məlumatlar, əldə olunmuş məlumatların öyrənilməsi, hesablanması və ticarət-planları vasitəsilə dəqiqliklə tədqiq edilməsi;
– Potensial müştərilərə bankın hədəf və məqsədlərini, kredit alma və qrup təşkil etmə yollarını izah edilməsi;
– Siyasət və proseduralara uyğun şəkildə yeni qruplar və təkrar qruplarla mütəmadi görüşlərin keçirilməsi
– Keyfiyyətli birgə məsuliyyət qruplarının hazırlanması, qrup borclarının vaxtlı-vaxtında qaytarılmasının monitorinqini aparma və təmin etmə.

Burada biz müxtəlif şirkət və banklarda kredit işçisinin üzərinə düşən ən başlıca   vəzifələri qeyd etmişik. Təşkilatdan asılı olaraq, onların tərkibi və əhəmiyyətlilik dərəcəsi fərqlənə bilər.
Kredit işçilərinə qarşı irəli sürülən tələblər:

– Maliyyə/iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili;
– Bank və ya bank olmayan kredit təşkilatında iş təcrübəsi;
– Gəlir və zərər, pul vəsaitlərinin hərəkəti, balans hesabatlarını hazırlama bacarığı;
– Kompüterdə işləmə vərdişləri: Word, Excel və s;
– Yüksək səviyyədə Azərbaycan və rus  dillərini bilmək;
– İnsanların xasiyyətinin xüsusiyyətlərini təhlil etmə bacarığı;
– Ünsiyyət qurma və vaxtı idarə etmə bacarıqlarının olması.

Bəzi banklarda isə ali təhsil mütləq şərtdir və onlar kredit mütəxəssislərinə qarşı daha ciddə tələblər irəli sürürlər:

• Ali təhsil (Maliyyə, İqtisadiyyat, Menecment, Bank işi və Hüquq arzuolunandır);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan;
• Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) işləyən namizədlərə üstünlük veriləcək;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Ünsiyyətcil, təşəbbüskar;
• Komandada işləmək bacarığı;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya qabiliyyəti,
• Ünsiyyətçil və mülayim olmaq;
• Stressə davamlılıq;
• Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri: Microsoft Office 2007, Microsoft Windows 7
• Filialın yerləşdiyi şəhəri və ətraf rayonları yaxşı tanımaq.

Bəzi banklarımız tələbələrə və bank işçisi olmaq arzusunda olan məzunlara “təcrübə proqramlar” təklif edir. Bununla da namizədlər müəyyən müddət bankda təcrübə keçməklə lazımı bilik və səriştəyə yiyələnir, korporativ mühitə uyğunlaşır. İşləmək istədiyi sahə ilə bağlı daha geniş təsəvvürə malik olmaq şansı əldə edir. Bu tip proqramlar Unibank, Parabank, Dəmirbank, Vijn Fond AzərKredit şirkəti və s misal göstərmək olar.

Təcrübələrin sui-istifadə halları yaratdığı məqamlar ilə bağlı aşağıdakı linkdə daha ətraflı öyrənə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər