Azərbaycandan xarici investorlara $2 milyardlıq gəlir ödənilib

Azərbaycanın ilkin gəlirlər balansında 2026-cı ilin ilk yarısında 907,9 milyon dollar kəsir yaranıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% azalıb.

İlkin gəlirlər balansı dedikdə əməkhaqqı, dividend, faiz, renta və investisiyalardan əldə olunan gəlirlər üzrə ölkəyə daxil olan və ölkədən çıxan vəsaitlərin fərqi nəzərdə tutulur.

Hesabat dövründə ilkin gəlirlər üzrə ümumi dövriyyə 4,7 milyard dollar olub. Bunun 2,8 milyard dolları, yəni 59,7%-i Azərbaycandan xaricə ödənişlərin payına düşüb. Xarici investorların Azərbaycanda əldə etdiyi gəlirlərin 2 milyard dolları ölkədən çıxarılıb. Bunun 1,8 milyard dolları əsasən neft-qaz layihələrində çalışan beynəlxalq konsorsiumların gəlirlərinin repatriasiyası ilə bağlı olub.

İlkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1,4 milyard dollar kəsir, qeyri-neft-qaz sektoru üzrə isə 500 milyon dollar profisit qeydə alınıb.

Təkrar gəlirlər balansında isə vəziyyət əksinə olub. Bu kateqoriyaya əsasən pul baratları, humanitar yardımlar, qrantlar və digər cari transfertlər daxildir.

2026-cı ilin ilk yarısında təkrar gəlirlər üzrə ölkəyə 800 milyon dollar daxil olub, xaricə isə 300 milyon dollar ödənilib. Nəticədə təkrar gəlirlər balansında profisit illik müqayisədə 86,3% artaraq 525,7 milyon dollara çatıb.

Bu daxilolmaların əsas hissəsini pul baratları təşkil edib. Xaricdən Azərbaycana göndərilən pul baratları 40,2% artaraq 700 milyon dollara, Azərbaycandan xaricə göndərilən vəsait isə 12,7% azalaraq 200 milyon dollara düşüb. Bunun nəticəsində pul baratları üzrə müsbət saldo 82,8% artaraq 500 milyon dollar olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər