23 C
Baku
Tuesday, April 23, 2024

Bankçılığın inkişaf tarixinə qısa ekskursiya

Müəllif: Rövşən Qəniyev Mərkəzi Bankın əməkdaşı

Dünya bankçılıq tarixi çox qədimlərə gedib çıxır. Bankçılığın inkişaf tarixinə qısa ekskurs etmək, bu gün bu sektorda həyata keçirilən əməliyyatların mahiyyətinin və müasir bank-maliyyə sisteminin hansı mərhələlərdən keçərək necə formalaşmasının, eləcə də dünya bankçılıq tarixi konteksində Azərbaycan bankçılıq tarixinin dərk olunmasına öz töhfəsini verəcəkdir.

Beləliklə, Qədim Misirdə, Yunanıstanda və Babildə bank fəaliyyətinin olduğu haqqında bir çox mötəbər tarixi mənbələrdə məlumatlar vardır. Əmanətlərin qəbul edilməsi və kreditlərin verilməsi kimi ilk bank əməliyyatları hələ e.ə 2000-ci illərdə Babildə həyata keçirilmişdir. İlk banklar məbədlər, ilk bankirlər isə din xadimləri olmuşdur. Bankçılıq tarixini tədqiq edənlər, qədimdə məbədlərin ən etibarlı yerlər olmasına görə bir çox şəxsin qiymətli əşyalarını, pullarını buraya əmanət etdiklərini, həmçinin tanrılara verilən ənamların məbəddəki din xadimlərinin əlində cəmləşdiyini xüsusi qeyd edərək, yığılmış bu vəsaitin onlar tərəfindən ehtiyacı olanlara hədiyyəsi (faizi) ilə birgə geri ödənilməsi şərti ilə verilməsini ibtidai bankçlıq kimi xarakterizə edirlər.

Romada E.ə. 210-cu ildə sərraflara siyasi mübahisələr, dövlət idarəetməsi ilə bağlı müzakirələr aparılan forum meydanında sərraflar üçün xüsusi bir bölmə ayrılması haqqında bir qərar nəşr olunur.

Orta əsrlərdə italyan sərraflar işlərini yol kənarlarındakı skamyaların üzərində görərdilər. Hələ də parklarda, geniş və ağaclıq prospektlərin səki kənarlarındakı bu skamyalar italyan dilində “banco” adlanır. Bank sözü də bu “banco” sözündən yaranmışdır.

bank23

Orta əsrlərdə əhali, qızıl və gümüş pullardan istifadə edirdilər. Bu pulları isə hər zaman oğurlaya bilərdilər. Bunun qarşısının alınması üçün insanlar öz metal pullarını yerli zərgərə verir və əvəzində qəbz alırdılar. Tacirlər bu qəbzləri ödəniş vasitəsi kimi qəbul edirdilər, çünki onlar həmin qəbzləri istənilən vaxt zərgərin mağazasında qızıl pulla dəyişə bilirdilər.

Bəzən zərgərlərdə çoxlu pul yığılıb qalırdı. Onlar saxlanılan qızılın bir hissəsini başqa adamlara faizlə borc verirdilər. Bu isə müasir bank işinin başlanğıcı idi.

Müasir bankçılıq 1587-ci ildə Venesiyada Banco de Rialto qurulması ilə başlamışdır. Bu bankda pul qəbul edilir və hesabı olanların, lazım olduğu zaman pullarının qarşılığında çek yazmaları sistemi tətbiq olunurdu.

İlk mütəşəkkil banklar orta əsrlərdə yaranmış və uzun müddət ərzində bank sistemi yalnız kommersiya bankları kimi fəaliyyət göstərmişdir. Lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır. Mərkəzi bank fikri o dövlətlərdə formalaşmışdır ki, həmin dövlətlərdə bazarın və ümumiyyətlə maliyyə sektorunun gələcək inkişafının dövlətin tənzimləyici orqanı olan mərkəzi banksız qeyri-mümkün olduğunu ortaya çıxaran bazar münasibətləri yaranmışdır.

Əksər qərb ölkələrində XIX əsrin ortaları XX əsrin əvvəllərində mərkəzi bankın fuksiyaları müəyyən banklarla həyata keçirilirdi. İlk mərkəzi bank 1668-ci ildə yaranmış İsveç mərkəzi bankı olan Riksbank olmuşdur. Bir qədər sonra, İngiltərə hakimiyyətinə Fransa ilə müharibədə borc lazım olduğu zaman, hakimiyyətə kömək məqsədi ilə borcun verilməsi üçün bir neçə iri London tacirləri birləşərək vahid səhmdar bank yaratdılar. Daha sonra bu bank göstərdiyi xidmətə görə 1694-cu ildə banknot emissiya etmək hüququna malik oldu, bunun nəticəsində də İngiltərə bankı yaranmış oldu. Bir yarım əsrə yaxın İngiltərə bankı 1694-cü ildə yazılmış kral əlyazmasına əsasən müəyyənləşmiş prinsiplərə uyğun ölkədə mərkəzi bank rolunu yerinə yetirmiş oldu.

ban33

Daha sonra digər ölkələrdə də mərkəzi banklar qurulmuşdur: Fransada 1800-cü ildə, Hollandiya 1814-cü ildə, Danimarkada 1818-ci ildə, Yaponiyada 1882-ci ildə Yaponiya Bankı (Nippon Ginko) 1934-cü ildə Kanadada Kanada Bankı (Bank of Canada) fəaliyyətə başlamışdır. Zaman ötdükcə Mərkəzi Banklar iqtisadi fəaliyyətlərin genişlənməsinə, unitar dövlətçiliyin möhkəmlənməsinə və dövlətin iqtisadi sahələrdə təsirinin artırılmasına töhvə verməklə ölkə iqtisadiyyatında əhəmiyyətli bir yer tutdu və status qazandı.

Mərkəzi bankların inkişafında ən əhəmiyyətli faktor, qərb ölkələrində kağız pulun tədavülə buraxılması və bunun üçün bir mərkəzə ehtiyacın yaranması ilə bağlıdır. İlk dövrlərdə eyni ölkədə birdən çox ticarət bankı banknot tədavülə buraxırdı. Məsələn; 1871-cı ildə Almaniyada, pul tədavülü məqsədi ilə qurulmuş Prusiya Bankı (Prussian Bank) ilə yanaşı banknot emmisiya edən 30 –a yaxın bank var idi. 1957-ci ilə qədər Almaniyada Mərkəzi Bankın funksiyasını Bank Deutscher Lander və bölgə mərkəz bankları (Land Central Banks) yerinə yetirirdi. Bölgə mərkəzi bankları qanuna görə müstəqil vahidlər idi və mərkəzi bank sistemini meydana gətirdi. Deutsche Maryın rəsmi pul vahidi olaraq istifadə edilməyə başlandığı 1948-ci ildən etibarən Federal Almaniya Mərkəzi Bankının qurulduğu 1957-ci ilə qədər region bankları Almaniyada pul tədavülü və siyasətini həyata keçirmişdir. 1957-ci ildə Bank Deutscher Lander və bölgə mərkəzi banklarını birləşərək Federal Almaniya Mərkəzi Bankını formalaşdırmışdır.

Bölgə mərkəzi bankları Federal Mərkəz Bankının regional idarələri olaraq fəaliyyətlərini davam etdirdilər.

ban4

Amerika Birləşmiş Ştatlarında mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi 1913-cü ildə qurulmuşdur. Lakin bundan xeyli müddət əvvəl, yəni 1791-ci ildə ABŞ-da banklara mərkəzləşdirilmiş qaydada nəzarəti təmin etmək məqsədilə The Bank of the United States qurulmuşdur. Bank, kommersiya bankçılığı ilə məşğul olmaqla yanaşı iqtisadiyyatın tələblərinə uyğun kredit və pul təmin edən bir dövlət qurumu idi. 1811-ci ildə Bank ləğv edildi, lakin hökümətin pul ehtiyyatı sahəsində qarşılaşdırğı çətinliklərin aradan qaldırılması 1816-cı ildə the Second Bank of the United States fəaliyyətə başladı. Mərkəzi bankçılıq sisteminin əlehdarlarından olan Andrew Jackson 1832-ci ildə bankın əsas müqaviləsinin yenilənməsini veto etdi və bank bağlandı. 1863-cü ilə qədər bir əyalətdə ticarət banklarının qurulmasına həmin əyalətin bankçılıq komissiyası icazə verdi. Milli bir pul vahidi yox idi. Banklar öz banknotlarını dövriyyədə buraxırdılar. Bu hal bir çox bankın müxtəlif səbəblərlə müflisləşməsi ilə nəticələndi.

Belə mənfi halların qarşısını almaq məqsədilə 1863-cü ildə Milli Bankçılıq Qanunu (National Banking Act of 1863) Konqres tərəfindən təsdiq edildi. Bu qanun milli bankların qurulmasına imkan verdi. Milli bankların qurulmasının lisenzilaşdırılması və onlarına nəzarət etmək üçün Maliyyə Nazirliyinin yanında Office of the Comptroller of the Currency quruldu. Yenə də ölkədə bir mərkəzi bankı yox idi. Nəhayət, 1913-cü ildə ABŞ-da mərkəzi bank (federal ehtiyatlar sistemi) yaradıldı və bütün milli banklar federal ehtiyat sisteminə üzv oldular.

ban5

Rusiya Dövlət Bankı 1860-cı ildə fəaliyyətə başlamışdır ki, bundan bir il sonra da bankın Bakı bölməsi yaradılmışdır. Beləliklə Azərbaycan ərazisində ilk bank 1861-ci ildə yaradılmış Rusiya Dövlət Bankının Bakı bölməsi olmuşdur.

Neft sənayesinin kreditləşməsi məqsədilə 1868-ci ildə Sankt-Peterburq Beynəlxalq Kommersiya Bankının Bakı filialı, 1870-ci ildə “Voljsk-Kams” Kommersiya Bankının Bakı filial,1871-ci ildə isə Rusiya Xarici Ticarət Kommersiya Bankının Bakı filialı fəaliyyətə başlamışdı. Lakin təqdiqatçılar ümumi rəyi belədir ki, ilk bank müəssisəsi olmaqla “Bakı kredit cəmiyyəti”nin 1874-cü ilin fevralın 28-də Bakıda fəaliyyətə başlaması Azərbaycanda kapitalist kredit sisteminin yaranmasının əsasını qoydu. 1874-cü il iyunun 1 -dən Bakıda ikinci bank müəssisəsi -Dövlət bankının filialı fəaliyyətə başladı. Bundan sonra bir-birinin ardınca müxtəlif səhmdar kommersiya banklarının filialları açılmağa başladı. Belə ki, Bakıda 1881-ci ildə Bakı ictimai şəhər bankı, 1886-cı ildə Tiflis kommersiya bankının filialı, 1900-cü ildə Bakı şəhər kredit cəmiyyəti, İran Uçot-borc bankının filialı təsis edildi.

Azərbaycan ərazisini fəaliyyət mühiti etmiş dövlət və səhmdar torpaq bankları sırasına 1900-cü ildən Don Səhmdar Torpaq Bankı, 1903-cü ildən Yaroslavl-Kostroma Səhmdar Torpaq Bankı,1907-ci ildən Poltava Səhmdar Bankı, 1906-cı il fevralın 15-dən Kəndli Torpaq Bankının Zaqafqaziya şöbəsi daxil idi. Dövlət zadəgan torpaq bankı Zaqafqaziya şöbəsinə öz fəaliyyətini Azərbaycanda yaymağa icazə vermişdi, lakin bankın mərkəzi idarəsinin siyasəti yerli mülkədar və bəyləri onun müştərisi olmaqdan məhrum etmişdi.ba6

Azərbaycanda ilk kiçik kredit müəssisəsi 1908-ci ildə açıldı. 1909-1913-cü illərdə kiçik kredit müəssisələrinin artım mənzərəsi belə idi: 1909-cu ildə 9, 1910-cu ildə 12, 1911-ci ildə 5, 1912-ci ildə 42, 1913-cü ildə 19, ümumiyyətlə isə həmin müddətdə cəmi 86 kiçik kredit müəssisəsi açılmışdı.

Nəhayət,1914-cü ildə H.Z.Tağıyevin M.Nağıyev ilə fəal iştirakı sayəsində 3 milyon rubl məbləğində əsas kapitalı olan Bakı Tacir Bankı açıldı. Bankın Şurasına milli kapitalın nümayəndələrindən H.Z.Tağıyev (şuranın sədri), Ş.Əsədullayev, A.Əhmədov, S.Z.Tağıyev, A.Q.Tağıyev, idarə heyətinin üzvlüyünə M.Nağıyev (idarə heyətinin sədri), F.B.Rüstəmbəyov, təftiş komissiyasının tərkibinə Ə.Ə.Kərimov, M.Ə.Miriyev daxil oldular. Bank təsisçilərinin başlıca məqsədi sənaye və ticarət müəssisələrinin geniş məbləğdə maliyyələşdirilməsi, ilk növbədə Azərbaycan sahibkarlarına kömək göstərilməsi idi. Bakı Tacir Bankının açılması və fəaliyyəti Azərbaycanda kredit sisteminin inkişafında milli kapitalın iştirakının genişlənməsinə şərait yaratmışdır.

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan tarixi.VII cilddə, V cild, Bakı, 2001

2. Ersoy Arif, İktisadî Müesseseler Tarihi, İzmir 1986

3. Mevnier Davphin, Bankacılık Tarihi, (trc: Aykut Akıncılar), İstanbu 1969.

4. Reyhan Əsgərova, “Pul, Kredit və Banklar” Bakı – Mütərcim – 2007

5. Tarlan Selim, Tarihte Bankacılık, Ankara 1986.

6. Ulutan Burhan, Bankacılığın Tekâmülü, Ankara 1957.

7. Zahid Məmmədov “Pul, Kredit və Banklar” Bakı – 2004.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər